Türkiyədə 3-cü sülh sammiti: Ukrayna və Rusiyadan qarşılıqlı bəyanatlar

22 İyul 2025 17:41 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 23-də Türkiyədə keçirilməsini təklif etdiyi Rusiya-Ukrayna danışıqları ilə bağlı açıqlama verib.

Zelenski bildirib ki, İstanbulda keçirilən iki əvvəlki sammitdə olduğu kimi Ukrayna nümayəndə heyətinə keçmiş müdafiə naziri və hazırkı Təhlükəsizlik Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək.

“Nümayəndə heyətinə Rustem Umerov başçılıq edəcək və tərkibində Ukrayna kəşfiyyatının, Ukrayna Xarici İşlər Nazirliyinin və Prezident Aparatının nümayəndələri olacaq”, - deyə Zelenski sosial media hesabında bildirib.

Danışıqların əvvəlki raundlarında Rusiya nümayəndə heyətinə Vladimir Medinski başçılıq edirdi. Dünən Rusiyadan verilən açıqlamada Rusiya nümayəndə heyətinin tərkibində heç bir dəyişiklik olmadığı bildirilib.

Çərşənbə günü keçirilməsi gözlənilən görüşdən danışan Ukrayna prezidenti deyib ki, “əsir ukraynalıların azad edilməsi, oğurlanmış uşaqların geri qaytarılması, qətllərin dayandırılması və liderlərin görüşünə hazırlıq” gündəmdə olacaq.

Kremlin sözçüsü Dmitri Peskov da Ukrayna ilə bugünkü danışıqlarla bağlı açıqlama verib. Peskov mümkün Putin-Zelenski sammitinə işarə edərək deyib ki, “yüksək səviyyəli görüşün mümkünlüyünü müzakirə etməzdən əvvəl görüləsi çox iş var”. “Gündəmin mürəkkəb olduğunu” ifadə edən Peskov, iki tərəfin bir-birinə bildirdiyi memorandumların müzakirə edilməsinə ehtiyac olduğuna diqqət çəkib.

Sülh razılaşmasının əldə olunması üçün vaxt cədvəli verə bilməyəcəyini deyən Kremlin sözçüsü qeyd edib ki, “möcüzəvi inkişafı gözləmək üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə belə danışıqlar mümkün deyil”.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski dünən Rusiya ilə yeni sülh danışıqlarının Türkiyədə keçiriləcəyini açıqladı və danışıqların çərşənbə günü baş tutacağını söylədi.

Rusiyanın dövlət xəbər agentliyi TASS məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, danışıqlar iyulun 24-də İstanbulda baş tuta bilər.

Ukrayna və Rusiya nümayəndə heyətləri bundan əvvəl mayın 16-da və iyunun 2-də İstanbulda görüşüblər.

Danışıqlar indiyədək yalnız məhbus mübadiləsi ilə nəticələnib. Atəşkəslə bağlı ciddi irəliləyiş əldə olunmayıb.

Mövsüm,

AzNews.az