“Son illərdə Rusiya ABŞ-ni, Qərbi və ümumilikdə NATO-nu əsasən nüvə silahı ilə təhdid edirdi. Kremlin nümayəndələri tez-tez bəyan edirdilər ki, nüvə müharibəsi baş verə bilər və Rusiya Qərb ölkələrinə qarşı çəkinmədən nüvə zərbəsi endirə bilər. Bu isə Qərb siyasi dairələrində ciddi narahatlıq doğurur və Rusiya təkcə hərbi deyil, həm də qlobal nüvə müharibəsi təhlükəsi baxımından real təhdid mənbəyi kimi qiymətləndirilirdi. Məhz buna görə də Qərb, o cümlədən NATO, bəzən Rusiyaya qarşı mümkün qədər “qırmızı xətləri” qorumağa və daha yumşaq təzyiqlər göstərməyə üstünlük verirdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, ABŞ-nin 17 ildən sonra ilk dəfə Böyük Britaniya ərazisində nüvə bombaları yerləşdirməsi dünya mediasında geniş müzakirə olunub. İngiltərə Müdafiə Jurnalının məlumatına görə, bombalar ABŞ-nin Nyu-Meksikodakı Kirtland bazasından Britaniyada yeni inşa edilmiş təhlükəsiz anbara köçürülüb. Maraqlıdır ki, bu addım Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir. Analitiklər bunu NATO-nun Avropadakı nüvə strategiyasında dönüş nöqtəsi kimi dəyərləndirirlər. Rəsmi qurumlar isə hələlik məsələyə münasibət bildirməyib.
Siyasi şərhçi bildirib ki, ABŞ-nin Böyük Britaniyada yeni nüvə arsenalı yerləşdirməsi Rusiyaya açıq və sərt mesajdır.
“Vaşinqton Kremlin diqqətinə çatdırmaq istəyir ki, dünyanın nüvə savaşı ilə təhdid edilməsi mənasız və yersiz yanaşmadır. Əgər Rusiya qlobal rəqiblərinə qarşı nüvə silahından istifadə edərsə, NATO, xüsusilə də ABŞ analoji cavab verməkdən çəkinməyəcək. Artıq Avropa qitəsində, Rusiyanın istənilən nöqtəsinə, o cümlədən dərinliklərinə zərbə endirmək imkanına malik nüvə başlıqlı raketlər yerləşdirilib. Bu, Kremlin nüvə təhdidlərini neytrallaşdırmaq məqsədi daşıyır və müəyyən mənada Rusiyanın nüvə faktorunu əlindən almağa yönəlib. Beləliklə, Putinin “nüvə düyməsi” hazırda öz əvvəlki aktuallığını itirməkdədir. Qərb artıq bu təhdidi əvvəlki qədər ciddi qəbul etmir və eyni zamanda Rusiya siyasi dairələrinə mesaj verir: bu gün nüvə mövzusunda daha çox narahat olmalı olan tərəf Rusiyadır. Çünki əks zərbələr dərhal baş verə bilər. Rusiyanın nüvə silahı daşıya bilən strateji aviasiyasına artıq ciddi zərbələr endirilib. Bir çox strateji bombardımançı təyyarələr sıradan çıxarılıb. Bu isə Rusiyanın nüvə silahını qlobal rəqiblərin ərazilərinə daşımaq və zərbə endirmək imkanlarını xeyli məhdudlaşdırıb”.
Siyasi şərhçi sonda vurğulayıb ki, bu paralel proseslər Rusiyanın artıq bütün istiqamətlərdə təsir gücünü itirdiyini və qlobal məkanda düşdüyü vəziyyətlə barışmaq məcburiyyətində qaldığını göstərir:
“Böyük ehtimalla Kremlin bundan sonra nüvə faktorunu ön plana çəkərək təhdid ritorikasını davam etdirmək niyyəti də zəifləyəcək. Çünki onun cavabı artıq əvvəlcədən verilib”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az