Təltif olunduğum medalla bağlı

22 İyul 2025 21:37 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev öz yüksək lütfü ilə məni "Tərəqqi" medalı ilə təltif edib. Bayaqdan 1000-dən çox təbrik mesajı və zəngi qəbul etmişəm. Bir daha hər birinizə təşəkkür edir, göstərdiyiniz diqqət və etdiyiniz dualar üçün təşəkkür edirəm.

Əlbəttə, təltifə layiq görülmək sevinc, iftixar və yeni məsuliyyət yaradan bir olaydır. Bu səbəbdən Dövlət Başçımıza öz sonsuz minnətdarlığımı ifadə edirəm.

Zira, fürsətdən istifadə bəzi düşüncülərimi elə buradaca sizlərlə bölüşməyi də özümə borc bilirəm.

1. Mən Prezident İlham Əliyevi təmənnasız, tərəddüdsüz və təltifsiz dəstəkləyirəm. Bu gün adım təltif olunanlar sırasında olmasaydı belə, mövqeyimdə dəyişən bir şey olmayacaqdı.

2. Mən Prezident İlham Əliyevi təmənnasız, tərəddüdsüz və təltifsiz dəstəkləyirəm ona görə ki, məhz onun Qarabağı və Zəngəzuru düşməndən azad edəcəyinə bəzən rasional təhlillə, bəzən də irrasional fəhmlə inanmışam. Zaman keçdikcə, İlham Əliyevi daha dərindən dərk etməyə çalışdıqca inamım daha da möhkəmlənib. Bir lider güvən yarada bildiyi qədər- rasional və irrasional olmasından asılı olmayaraq- cəmiyyəti öz arxasınca apara bilər. İlham Əliyevə ilk növbədə yaratdığı və reallaşdırdığı güvənə görə təşəkkür edirəm.

3. İlham Əliyev mənə ən böyük ödülünü indi deyil, 5 il öncə- dədə yurdum Laçını azad etməklə verib. Qalan bütün təltiflər- bir təltif olaraq əhəmiyyətini kiçiltmədən deyirəm- o böyük, misilsiz və möhtəşəm VƏTƏNƏ AZADLIQ mükafatının kölgəsindədir. LAÇIN ADAMa bir vəfa borcum var və əsla o borcdan çıxa bilməyəcəyim halda, daha bir dəfə şəxsimi məhcub etdi.

4. Bu təltifin şəxsim üçün bir siyasi əhəmiyyəti daha var. Mən dünən də, bu gün də ancaq və ancaq Azərbaycanın adı və dövlət maraqları ilə eyniləşdirdiyim İlham Əliyevə- onun böyük əzm, böyük fədakarlıq, böyük iradə və böyük siyasi düha ilə gerçəkləşdirdiyi BÖYÜK AZƏRBAYCAN amalına xidmət etmişəm. Əksini iddia edənlər, hər şeyi GÖRƏN, BİLƏN, QİYMƏTLƏNDİRƏN LİDERİN sərəncamına baxsınlar bundan sonra...

5. Azərbaycan mətbuatı Azərbaycan Milli Fikir Müəssisəsinin əsas platformasıdır. Bu platformada bizim bir tarixi missiyamız var. Bu missiyanın adı Azərbaycançılıqdır. Bu gün Azərbaycanda ən çətin iş məhz Azərbaycançı olmaqdır. Zira, Azərbaycanın tərəqqisinə xidmət etmək də ancaq və ancaq Azərbaycançı olmaqla mümkündür. Hər zaman yaxınlarıma, çevrəmdəki insanlara deyirəm: Azərbaycanlı və Azərbaycançı olaraq öz doğru bildiyiniz yolla yürüyün. Sizi bir gün mütləq görəcəklər! Öz təcrübəmdə bu gün o gündür- Gördü, Bildi, Qiymətləndirdi!

Tanrı ömrünü uzun, ocağını gur etsin!

Taleh ŞAHSUVARLI,

AzNews.az