Rauf Arifoğlu-“Azadlıq” qəzeti savaşı növbəti raundda – İTTİHAM

6 Sentyabr 2013 09:06 (UTC+04:00)
"Yeni Müsavat" qəzetinin baş redaktoru ilə "Azadlıq" qəzetinin rəhbərliyi arasında yaşanan gərginlik səngimək bilmir. Qəzetlər səhifələrindəki "soyuq savaşı" hələ də davam etdirirlər.
Növbəti gərginliyin səbəbi isə "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun ötən gün yazdığı bir müəllif yazısıdır. Belə ki, R.Arifoğlu yazısında Milli Şurada təmsil olunan "El", ALP və ACP kimi təşkilatların AXCP və Müsavat tərəfindən prosesdən kənarlaşdırılmalı olduğu barədə iddia irəli sürüb. "Azadlıq" qəzeti isə buna cavab olaraq, Milli Şuranın 6 üzvünü danışdırıb və onlar da R.Arifoğlu kəskin tənqid ediblər, baş redaktoru sifariş yerinə yetirməkdə suçlayıblar.

"Yeni Müsavat" rəhbərinin buna cavabı da özünü çox gözlətməyib. AzNews.az-ın məlumatına görə, ona cavab haqqı tanınmamasından şikayətlənən R.Arifoğlu sosial şəbəkədəki hesabında "Azadlıq" qəzetini şiddətlə qınadığını yazıb: "Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazmışam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yola başlayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşılığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur"-deyə bilər, "EL" Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığı MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, "El"in liderlərindən biri "mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər, amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem böyüyəcək" yazanda, hədəf Rauf Arifoğlu olacaq?"
R.Arifoğlu yazıb ki, "Azadlıq" qəzeti MŞ üzvlərini danışdıraraq, onu təhqir etdiriblər: "Hazırda bütün münasibətlər seçkilərə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Biz onun yanında və dəstəyindəyik, Rəsul Quliyevin yox! Biz Cəmil bəyə keyfiyyətli informasiya dəstəyi veririk. "El" Hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - İlqar Məmmədovu dəstəkləyəcəyik. Bu da səhəri gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuatda da məlumat gedir ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir... Biz də bunları qınayan yazı yazırıq ki, axı belələri sizin nəyinizə lazım!"

R. Arifoğlu bildirib ki, bir köşə yazısına görə onun müəllifinin siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq" qəzetinə xas hərəkətdir.

Elnur