Tanınmış psixoterapevt Dilbər Bəhmənli və filosof Azər Qasımovun həmmüəllifi olduqları “Etika və insan münasibətləri” adlı kitab nəşr olunub. Müəlliflərin ortaq qələmindən çıxan bu əsər, etik dəyərlərin insan həyatındakı yerini və əhəmiyyətini dərindən araşdırmaqla yanaşı, şəxsi inkişaf və sosial münasibətlərdə etik davranışların rolunu da aydın şəkildə ortaya qoyur.
Kitabda etikanın nəzəri əsasları ilə yanaşı, onun gündəlik həyatda tətbiqi imkanları geniş şəkildə təqdim olunur. Oxucu burada etikanın yalnız fəlsəfi və nəzəri istiqamətlərini deyil, həm də ailə münasibətləri, iş mühiti, dostluq və ictimai davranışlar kimi həyatın müxtəlif sahələrində necə tətbiq oluna biləcəyini öyrənir. Əsər, şəxsi maraq və ictimai fayda arasında tarazlıq yaratmaq kimi çağdaş etik dilemmanı da diqqət mərkəzinə çəkir.
Etikanın qədim dövrlərdən bu günə qədər necə inkişaf etdiyi, Aristoteldən Kanta, Benthamdan Millə qədər böyük filosofların bu sahəyə verdiyi töhfələr əsərin əsas istiqamətlərindən biridir. Kitabda bu nəzəri irs praktik yanaşmalarla uzlaşdırılaraq oxucunun real həyatda qarşılaşdığı situasiyalarda etik qərarlar qəbul etməsinə dəstək verilir. Müəlliflər etik davranışları insanın daxili dünyasının tərbiyəsi və sosial məsuliyyət duyğusunun inkişafı baxımından da təhlil edir. Onların fikrincə, şəxsi inkişaf və cəmiyyətə faydalı bir fərd olmaq üçün etik dəyərlərə sahib çıxmaq vacibdir. Əsər oxucunu həm özünü tanımağa, həm də daha mənalı və məsuliyyətli bir həyat tərzi sürməyə təşviq edir. Kitab təkcə nəzəri materiallarla kifayətlənmir, həm də real həyat nümunələri və praktiki yanaşmalarla zənginləşdirilib. Oxucular burada gündəlik həyatda qarşılaşdıqları etik problemləri fərqli baxış bucaqları ilə dəyərləndirməyi və onların öhdəsindən gəlmə yollarını öyrənəcəklər.
Kitabın müəllifləri sahələrində tanınmış mütəxəssislərdir:
Dilbər Bəhmənli 2012-ci ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olmuşdur. 2016-cı ildə BDU-da sosial psixologiya ixtisası üzrə magistratura pilləsini davam etdirmişdir. 2018-ci ildə “Natamam ailələrdə böyüyən uşaqların sosial həyata adaptasiyası” adlı dissertasiyasını uğurla müdafiə etmişdir.
2019-cu ildən etibarən BDU-da Sosial psixologiya ixtisası üzrə Sosial və pedaqoji psixologiya kafedrasının qiyabi doktorantıdır. Mövzusu “Ekstremal şəraitdə fəaliyyət göstərən işçilərin sosial-psixoloji xüsusiyyətlərinin tədqiqi”dir.
2019-2024-cü illər ərzində Qərbi Kaspi Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Pedaqoji fəaliyyəti ərzində Qərbi Kaspi Universitetinin Psixologiya klubu nəzdində müxtəlif seminar və təlimlər həyata keçirmişdir. 2019-cu ildən etibarən təlimçi və psixoloq kimi fəaliyyət göstərir.
Azər Qasımov 1994-cü il 30 iyun tarixində Bakı şəhərində anadan olmuşdur.
2011-ci ildə Bakı Dövlət universitetinin İlahiyyat fakültəsinin"Ərəb dili tərcümə" ixtisasına qəbul olmuş, 2015 çi ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir...2016-cı ildə Bakı Dövlət universitetinin İlahiyyat fakültəsində "İslamşünaslıq" ixtisasında magistr təhsilinə başlamış və 2018-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutunda "Dinin tarixi və fəlsəfəsi " ixtisası üzrə doktorantura təhsili almağa başlamışdır.
2021-ci ildən etibarən pedoqoji fəaliyyətlə məşğuldur və Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında müəllim kimi çalışır.
“Etika və insan münasibətləri” kitabı, həm fərdi inkişafla maraqlanan oxucular, həm də cəmiyyətə töhfə vermək istəyənlər üçün dəyərli bir mənbə və yol göstərici rolunu oynayır. Etik dəyərlərin insan həyatındakı yerini dərindən anlamaq istəyənlər üçün bu əsər, əhəmiyyətli bir intellektual səyahətin başlanğıcı ola bilər.
Nuray,
AzNews.az