Əli Kərimli qulbeçəlik “marafonu”na qoşulub

27 İyul 2025 15:19 (UTC+04:00)

Bir vaxtlar Rusiyanın “Milli Şura” layihəsində yer almaq və dəyişməyə alışmış yönünü təkrar dəyişmək üçün yeni qulbeçəlik “marafonu”na qoşulan Əli Kərimli Bakı-Moskva münasibətlərində ikincinin davranışları səbəbindən yaranan gərginliyi son günlər öz interpretasiyasında təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Ölkəmizin maraqlarına qarşı yönəlmiş istənilən situasiyadan öz miskin obrazını gündəmə gətirmək üçün istifadə etməyə çalışan, Cənubdan Şimala, Şərqdən Qərbə və yaxud əksinə əsən bütün küləklərin önünə düşən, yel qabağında gedən bu “dəyirman cəngavəri” dövlətimizin başçısının Xankəndidən yaxın və uzaq “mənzil”lərə ünvanladığı mesajlardan, ABŞ prezidentinin məlum paylaşımından sonra varlığını, artıq mövcud olan gündəmə sırımaq üçün nəinki şeytanın, hətta Solovyovun, Simonyanın ağlına belə gəlməyəcək iftiralar püskürür.

Dünya mediası Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyin əsas səbəblərini rəsmi Bakının beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin suveren hüquqlarınına münasibətdə qətiyyətli mövqeyi ilə birbaşa əlaqələndirdikləri halda Əli Kərimli adlı öz siyasi taleyini belə proqnozlaşdıra bilməyən əyalət falçısı səbəbi Suriyada, Azərbaycanla yaxından uzağa əlaqəsi olmayan, elə hazırda yenidən yalmanmağa can atdığı qütblə bağlı olan proseslərdə axtarır.

Amma yaddaşı pozulmayan hər kəsə bəllidir ki, Moskvadan ölkəmiz əleyhinə təbliğat-təxribat kampaniyaları mülki təyyarəmizin Rusiyanın hava məkanında vurulmasından və ölkəmizin haqlı tələblərindən sonra başladılıb.

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın HHM sistemləri tərəfindən vurulması nəticəsində 38 nəfərin həyatını itirməsi isə sıradan bir hadisə deyil. Bu, beynəlxalq hüququn və diplomatik münasibətlərin sınağa çəkildiyi bir faciədir. Məsuliyyətsizliyin ən son həddidir.

Prezident İlham Əliyevin Rusiya tərəfindən üzr istənilməsi, cavabdeh şəxslərin cəzalandırılması və təzminat ödənilməsi ilə bağlı tələbi siyasi jest yox, müstəqil və ləyaqətli dövlətin reaksiyasıdır. Bunu guya “siyasi soyuqluğun dərinləşdirilməsi” kimi təqdim etmək əxlaqsız vəqərəzli yanaşmadır.

Əli Kərimlinin və onu birdən-birə “yada salanların” bu məsələni “siyasi divident” kimi göstərməyə çalışması isə günahsız qurbanların xatirəsinə hörmətsizlik, Azərbaycan cəmiyyətinin ağrısına aşağılayıcı sayğısızlıqdır.

Azərbaycanın xarici siyasəti üçüncü ölkələrdəki rejim dəyişikliklərinə görə formalaşmır.

Azərbaycanın siyasəti praqmatik, çoxqütblü və milli maraqlara söykənən strateji yanaşmadır. Bu siyasət Qərb və Şərq arasında seçim deyil, müstəqil kursun özünü bütün məqamlarda büruzə verməsidir.

Kərimlinin iddiası isə sadəcə onun qeyri-ciddi, faktlara söykənməyən, emosional manipulyativ ritorikasının təzahürüdür.

“Azərbaycan Qərbə açılmaq istəmir”, “İlham Əliyev həm Rusiyaya, həm Qərbə etibar etmir” kimi bəyanatlar Əli Kərimlinin reallıqla əlaqəsi olmayan siyasi fantaziyalarından başqa bir şey deyil. Fakt odur ki, Azərbaycan Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığı qurub, Türkiyə ilə hərbi və siyasi müttəfiqliyi dərinləşdirib, Qoşulmama Hərəkatında liderlik mövqeyindədir və nəhayət, Türk Dövlətləri Təşkilatının müstəqil güc mərkəzinə çevrilməsi üçün misli görünməmiş diplomatik səylər göstərir.

Azərbaycan nə Moskvadan, nə də Vaşinqtondan asılı olmaq niyyətində deyil. Prezident İlham Əliyevin çoxvektorlu və prinsipial siyasəti, Azərbaycanın artıq postsovet məkanında tabeli aktor yox, oyunun şərtlərini diktə edən müstəqil güc mərkəzinə çevrildiyini sübut edir.

Rusiya ilə münasibətlərdə zərurət yarananda, ölkənin maraqları tələb edəndə sərtlik sərgilənir, əməkdaşlıq imkanları olduqda isə dəyərləndirilir. Bu siyasət isə bir nəfərin aşırı natamamlıqdan doğan emosiyaları ilə deyil, xalqın maraqları və dövlətin suverenliyi əsasında müəyyənləşir.

Elçin Mirzəbəyli,

Milli Məclisin deputatı