Hər bir xalq başqasından dilinə görə fərqlənir. Azərbaycan xalqının dili Azərbaycan dilidir. Azərbaycan dili geneoloji təsnifatına görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna aiddir.
Azərbaycan dili çətin və şərəfli bir yol keçib. Sasani işğalları, ərəb yürüşləri, monqol istilaları Azərbaycan dilinin inkişafını ləngidən amillərdən olmuşdur. Səfəvilər dövründə Azərbaycan dili Mərkəzi Asiya, Yaxın və Orta Şərq, Kiçik Asiya və Qafqazda ən çox işlənən dillərdən biri idi.
19-cu əsrin əvvəllərində müstəqil Azərbaycan xanlıqları çar Rusiyası tərəfindən işğal olundu. Ən çox itirən Azərbaycan dili oldu. Çünki dövlət idarəçiliyi və kargüzarlıq sənədləri rus dilində hazırlanırdı. Uzun illər məktəblərdə tədris ana dilində yox, rus dilində aparılırdı. Fevral burjua inqilabından sonra azadlıq əldə edən xalqların ən böyük problemi ana dilində məktəb açmaqla bağlı idi.
Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu addımlarından biri Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Amma təəssüflər olsun ki, Azərbaycan dilində tədrisi yüksək səviyyədə qurmaq mümkün olmadı. Bir tərəfdən bu dili mükəmməl bilən mütəxəssis yox idi, digər tərəfdən 1920-ci ilin aprel işğalı Azərbaycan dilinin tədrisini arxa plana keçirdi. Təsadüfi deyil ki, 1933-cü ilə kimi Azərbaycan Sovet Sosialist Respublikasını qeyri-azərbaycanlılar idarə etmişlər.
1956-cı ildə ilk dəfə böyük çətinliklərdən sonra Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Mirzə İbrahimov başda olmaqla bir çox azərbaycanlı ziyalı Mərkəz tərəfindən cəzalandırıldı.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu. Mərkəz müttəfiq respublikalara ana dili məsələsində tərslik etməməyi tövsiyə edirdi. Amma Azərbaycana rəhbərlik edən Heydər Əliyev 1978-ci il Azərbaycan Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi təsbit etdi. Heydər Əliyevin cəsarətindən ruhlanan bir neçə müttəfiq respublikanın rəhbərləri də bu addımı atdı. Mərkəz etiraz etsə də əyalət rəhbərlərini fikrindən döndərə bilmədi.
SSRİ-nin dağılmasından sonra hər bir müttəfiq respublika müstəqil dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ildə qəbul olundu. Ümumxalq səsverməsi yolu ilə qəbul olunan bu Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur.
Azərbaycan dilinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci avqustun 9-da ümummilli lider Heydər Əliyevin verdiyi Fərmana görə hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması qərara alındı.
Xalqımızın milli kimliyini, tarixi yaddaşını və mədəni irsini ifadə edən ən vacib dəyərlərdən biri də ana dilidir.
Bu qərar dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə düzgün çatdlrılması istiqamətində atılmış düzgün addlmdır.
Anar İskəndərov,
Milli Məclisin deputatı