Elşad Abdullayev yeni videolar yayacaq

6 Sentyabr 2013 10:27 (UTC+04:00)
Mahir Abdullayev: "Yaxın günlərdə həmin videolar getməlidir, bəzi insanlarla bağlı məsləhətləşmələr aparılır"

"Mən deyə bilmərəm, Elşad Abdullayev konkret nəyə görə susqundur". Bu sözləri Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev "Yeni Müsavat"a müsahibəsində son vaxtlar Elşad Abdullayevin bir qədər kölgəyə çəkilməsinə münasibət bildirərkən deyib. Mahir Abdullayev daha sonra bildirib: "Sadəcə olaraq, onunla sonuncu danışığımızı diqqətə çatdıra bilərəm. Dünən gecə yarısı onunla skayp vasitəsilə danışmışam. Bildiyimə görə, mənim elektron ünvanıma, eyni zamanda da vəkili Adil Ismayılovun ünvanına məktub göndərib.

Orada xüsusi xahişlərini edib. Xahişlərdən birincisi odur ki, Nəsimi Rayon Məhkəməsinin onunla bağlı çıxarılmış məhkəmə qərarından qəti surətdə narazı olduğu bildirilsin və şikayətini desin. O cümlədən bu günə kimi olan ümumi hüquqi durumla bağlı şəxsən məndən, ilk növbədə isə vəkili Adil Ismayılovdan arayış istəyir. Ondan soruşanda ki, konkret bu arayışı niyə istəyirsən, dedi ki, mən birbaşa dövlət başçısına müraciət edəcəm. Müraciətində Azərbaycanda qanunsuz məhkəmə, hüquq sistemi barədə şikayətlərini bildirəcək. Xüsusən də cənab prezidentin göstərişi ilə yaradılmış Müstəqil Istintaq Komissiyasının (MIK) işindən narazı olması və ondan imtina etməsini də həmin müraciətində bildirəcək. Doğrudur, onun bu imtinası həmin qurumun qanunsuzluğunu davam etdirməməsində hər hansı rol oynamır. Amma bununla demək istəyir ki, MIK deyilən qurumu tanımaq istəmir. MIK ancaq onun qardaşını oğurlayan şəxsləri ört-basdır etməklə məşğuldur. Bu günə qədər Mahir Abdullayevlə bağlı irəli sürülən yüzlərlə ittihamlar, qərarların heç birində Mahir Abdullayevin adını görə bilməzsiniz. Bu, onun dünən mənə söylədiyi fikirlərdir. O ki qaldı niyə susqun olmasına, mən bunu özüm başa düşdüyüm kimi deyə bilərəm. Sadəcə olaraq, insan bir müddət dincəldi, istirahət etdi".

Mahir Abdullayev əlavə edib ki, Elşad Abdullayev yeni videolar yaymağa hazırlaşır: "Bildiyimə görə, sabah və ya birigün növbəti video paylaşılmalıdır. Söhbət hansı videolardan gedəcək, mən artıq onu bilmirəm...

...O daha öncə bildirmişdi ki, seçkidən öncə cəmiyyətə ciddi videolar təqdim edəcək. Mən bildiyimə görə yaxın günlərdə həmin videolar getməlidir. Çünki bəzi insanlarla bağlı məsləhətləşmələr aparılır. Amma son qərar yenə özünündür".

AzNews.az