TQDK imtahanların birləşdirilməsinə “yox“ dedi

6 Sentyabr 2013 10:40 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsini məqsədəuyğun hesab etmir.

APA-nın xəbərinə görə, bunu TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ola bilər ki, buraxılış imtahanlarına düşən fənlərin nəticələri qəbul imtahanında nəzərə alınsın və ali məktəblərə qəbul imtahanında fənlərin sayı azaldılsın: "Hər bir imtahanın öz məqsədi var. Bir var attestasiya üçün, bir də var, seçim üçün imtahan aparılır. Buraxılış imtahanı attestasiya imtahanıdır və burada hər kəs iştirak edib, tam orta təhsili bitirdiyini sübut edir. Buraxılış imtahanının məqsədi budur. Qəbul imtahanlarında isə məqsəd odur ki, imtahan verən abituriyentlərin içərisindən seçim olunsun. Ona görə də bu imtahanlarının birləşdirilməsini məqsədəuyğun hesab etmirik".

Şöbə müdiri qeyd edib ki, bəzən TQDK-ya buraxılış və qəbul imtahanlarını birlikdə keçirən Qazaxıstanın təcrübəsi nümunə kimi göstərilir: "Amma Qazaxıstanda da buraxılış və qəbul imtahanlarını ayıracaqlar. Rusiyada vahid dövlət imtahanlarının keçirilməsində də müəyyən problemlər olur".

AzNews.az