Yay aylarında əhalinin ən çox istehlak etdiyi mövsümi meyvələrdən olan qarpız və yemişlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən geniş monitorinqlər həyata keçirilib. Agentlikdən verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan laborator müayinələr zamanı əsas diqqət nitrat və pestisid qalığı səviyyələrinə yönəldilib və sınaq nəticələrinə əsasən, məhsullarda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Bununla belə, son zamanlarda sosial şəbəkələrdə bu meyvələrin tərkibində bakteriya və ya zərərli kimyəvi maddələrin olması barədə iddialar yayılıb ki, bu da ictimaiyyətdə narahatlıq doğurur.
Qarpız və yemiş kimi məhsullar əsasən açıq havada və qeyri-sanitar şəraitdə satıldıqda zəhərlənmə riski artır. Meyvələrin düzgün saxlanmaması, yüksək temperaturda uzun müddət qalması, çirklənmiş alətlərlə və ya çirkli səthlərdə kəsilməsi, həmçinin bakteriyaların meyvənin səthindən iç hissəsinə keçməsi kimi hallar zəhərlənməyə səbəb ola bilər. Xüsusilə kəsilmiş və uzun müddət açıqda qalmış meyvələrin istehlakı təhlükəli sayılır. Zəhərlənmələr daha çox meyvələrin düzgün yuyulmaması və ya artıq yetişmiş, daxili strukturunda zədələnmə olan nümunələrin istifadəsi zamanı baş verir.
İstehlakçılar bu kimi hallardan qorunmaq üçün bir sıra tədbirlərə əməl etməlidirlər. İlk növbədə, qarpız və yemiş kimi məhsullar etibarlı mənbədən, yəni baytarlıq-sanitariya tələblərinə cavab verən satış məntəqələrindən alınmalıdır. Meyvələr kəsilməmiş və bütöv şəkildə seçilməli, qabığı çirklənmiş və ya zədələnmiş nümunələrdən uzaq durulmalıdır. Kəsilməzdən əvvəl meyvələrin xarici səthi bol su ilə yuyulmalı, kəsmə prosesi təmiz bıçaqla və steril səth üzərində həyata keçirilməlidir. Kəsildikdən sonra meyvələr dərhal soyuducuda saxlanmalı və qısa müddət ərzində istehlak olunmalıdır. Xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər bu məhsulları istehlak edərkən daha ehtiyatlı olmalıdır.
Zəhərlənmə əlamətləri arasında ürəkbulanma, qarın ağrısı, qusma, ishal, halsızlıq və yüksək hərarət kimi simptomlar yer alır. Belə hallar baş verdikdə dərhal tibbi yardıma müraciət edilməlidir. Yay aylarında yüksək temperatur və meyvələrin tez xarab olma ehtimalı nəzərə alınaraq, hər kəs bu məhsulları təhlükəsiz şəkildə istehlak etməyə diqqət etməlidir. Dövlət qurumları tərəfindən aparılan laborator nəzarət tədbirləri əhalinin sağlamlığının qorunmasına yönəlsə də, son məsuliyyət alıcı və istehlakçıların öz üzərindədir.
AzNews.az