Dövlət büdcəsi vəsaitlərinin idarə olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Maliyyə Nazirliyi vahid xəzinə hesabında olan milli valyutada sərbəst qalan vəsaitin daha səmərəli istifadə olunmasını təmin etmək məqsədilə növbəti dəfə depozit hərracı təşkil edib. Nazirlikdən verilən məlumata görə, keçirilən hərracın nəticəsində vahid xəzinə hesabının 450 milyon manat məbləğində sərbəst qalığı kapitallaşma və aktivlərinin həcminə görə ölkənin aparıcı iki-üç bankında 28 gün müddətinə, orta çəkili 7 faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Bu addım dövlət vəsaitlərinin müvəqqəti olaraq bank sektorunda dövriyyəyə buraxılması, likvidlik imkanlarının artırılması və əlavə gəlir əldə edilməsi məqsədi daşıyır.
Depozit hərracı, əsasən, maliyyə orqanları və mərkəzi banklar tərəfindən təşkil olunan bir mexanizmdir ki, burada müəyyən məbləğdə vəsait banklara depozit şəklində yerləşdirilir. Bu hərraclarda banklar təklif etdikləri faiz dərəcələri ilə iştirak edir və ən yaxşı şərtləri təqdim edən banklar qalib gəlir. Dövlətin bu yolla əldə etdiyi gəlir isə vəsaitin boş dayanmaması, eyni zamanda likvidliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Depozit hərracları ilk növbədə dövlət orqanları, mərkəzi bank və kommersiya bankları üçün əhəmiyyətlidir. Dövlət qurumları müvəqqəti sərbəst vəsaitlərini risksiz şəkildə dəyərləndirmə imkanı əldə edirlər. Banklar isə bu vəsaitləri cəlb etməklə likvidliklərini artırır, kredit və digər əməliyyatlar üçün maliyyə resurslarını genişləndirirlər. Nəticədə həm dövlət büdcəsi üçün əlavə gəlir yaranır, həm də maliyyə bazarlarında sabitlik və çeviklik təmin olunur.
Depozit hərracları maliyyə intizamının və səmərəliliyinin artırılması baxımından mühüm bir alətdir. Bu proses dövlət vəsaitlərinin idarə edilməsində şəffaflıq və effektivlik prinsipini gücləndirir, eyni zamanda bank sektoruna əlavə maliyyə resursları qazandıraraq iqtisadi fəallığın dəstəklənməsinə töhfə verir.
AzNews.az