“Günvurma tənəffüs dayanmasına səbəb ola bilər” – həkim xəbərdarlığı

1 Avqust 2025 19:03 (UTC+04:00)

“Günvurma və istilik vurması, bədənin temperatur tənzimləmə sisteminin pozulması nəticəsində yaranan və təcili tibbi müdaxilə tələb edən həyati təhlükəli vəziyyətdir. Bu hal, xüsusilə isti yay günlərində insanların birbaşa günəş şüaları altında uzun müddət qalması ilə baş verir. Ən çox müşahidə olunan simptomlara baş ağrısı, başgicəllənmə, ümumi halsızlıq, zəiflik, süstlük, əzələ qıcolmaları və spazmlar, eləcə də ürəkbulanma və qusma daxildir. Orta və ağır hallarda bədən hərarəti 38,5-dən 41 dərəcəyə qədər yüksələ bilər. Bu zaman orqanizmdə su-duz mübadiləsinin pozulması, elektrolit itkisi, metabolik pozğunluqlar, qıcolmalar və tənəffüsün dayanması kimi ağır nəticələr ortaya çıxa bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Xatırladaq ki, yay aylarında hava temperaturunun artması səbəbindən istivurma və günvurma halları çoxalır. Xüsusilə uşaqlar, yaşlılar və xəstələr risk altındadır. Ekspertlər günün isti saatlarında açıq havada olmamağı, bol su içməyi və qoruyucu tədbirlərə əməl etməyi tövsiyə edir. Bu hallar ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Həkim-terapevt bildirib ki, belə hallardan qorunmaq üçün günəş altında qalma müddəti məhdudlaşdırılmalıdır.

“Günəş vannaları səhər saat 12-yə qədər qəbul edilməli, dənizdə çimmək isə ya səhər tezdən, ya da axşam saat 6-dan sonra planlaşdırılmalıdır. Bu, günvurma riskini minimuma endirir. Açıq havada çalışanlar açıq rəngli, pambıq materialdan hazırlanmış geyimlərdən istifadə etməli və baş örtüyü taxmalıdır. Əks halda, isti və günəş təsiri daha da ağırlaşa bilər. Gün ərzində bol su içmək vacibdir. Gündə ən azı iki litr su qəbul edilməli və bu, susuzluq hissi yaranmadan həyata keçirilməlidir. Mineral tərkibli sular vasitəsilə bədəndəki su-duz balansı tənzimlənə bilər. İsti havalarda, xüsusilə açıq ərazilərdə qazlı, şəkərli içkilərdən uzaq durmaq lazımdır, çünki onlar vəziyyəti daha da ağırlaşdıra bilər. Günvurmaya məruz qalan şəxslər dərhal kölgəyə aparılmalı, bədəni soyudulmalı, soyuq su ilə isladılmalı və qoltuq altına buz qoyulmalıdır. Əgər huşu yerindədirsə, bol maye qəbul etdirmək və dərhal təcili tibbi yardım çağırmaq vacibdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az