İrandan ABŞ-a xəbərdarlıq - VİDEO

6 Sentyabr 2013 12:01 (UTC+04:00)
Suriyaya potensial hücumla əlaqədar İranın Ali dini lideri Ayətulla Əli Xamneyi Birləşmiş Ştatlara növbəti dəfə xəbərdarlıq edib. O bildirib ki, Ağ Ev Suriyaya qarşı hərbi ölçülər götürərsə, bundan ziyan çəkəcək.

İranın hücumlara qarşı strategiyasına gəlincə, rəsmi Tehran Suriyaya hərbi müdaxilə edəcək hər hansı dövlətin, o cümlədən, Amerika və İsrailin özlərini daha dərin münaqişəyə salacağı ilə xəbərdar edib.

Tehran eyni zamanda Suriyaya potensial hərbi müdaxiləyə gətirə biləcək gərginliyi səngitməkdən ötrü, Rusiya və Çinlə olan diplomatik əlaqələrini işə salıb. İranın Ali dini lideri Ayətulla Əli Xamneyi ekspertlər şurasında söylədiyi nitqdə, Amerikanın Suriyaya hərbi müdaxilə planında humanitar məqsədlər güddüyünə heç kimin inanmadığını dilə gətirib. Birləşmiş Ştatların səhv mövqe tutduğunu deyən İran lideri Vaşinqtonu öz hərəkətlərini doğrultmaq üçün ritorikanı işə salmaqda ittiham edib: "Dünyada bir kəs tapılmaz ki, ABŞ-ın humanitar məqsədlər güddüyünə inansın. Onlar elə hey danışır, hərəkətlərini doğrultmaq üçün ritorikadan istifadə edirlər. Əlbəttə ki, onların yanıldığını hesab edirik. Onlar səhvə yol verirlər və bu vəziyyətdən ağır zərbə hiss edəcəklər. Buna heç bir şəkk-şübhə ola bilməz". İran Bəşər Əsəd hökumətinin əsas dayaqlarından sayılır, kimyəvi hücumla bağlı ötən həftə iddialar ortaya çıxandan bəri, rəsmi Tehran müntəzəm olaraq Suriyaya qarşı potensial hərbi əməliyyatların əleyhinə çıxır. Bundan əvvəl Xamneyi qərbin potensial hücumunu "barıt anbarına qığılcım salmağa" bənzətmişdi. (anspress)



AzNews.az