Türkiyədə universitetlərin akademik keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Ötən günlərdə başlayan və 13 avqustda sona çatacaq qəbul imtahanı nəticələri tələbələrin arzularını reallaşdırmaq üçün ümidlər yaratsa da, universitetlərin akademik heyətində ciddi boşluqların mövcud olması narahatlıq doğurur.
Türkiyənin nüfuzlu “Birgün” qəzeti Ölcəmə, Seçmə və Yerleştirme Mərkəzinin (ÖSYM) açıqladığı məlumatlara istinadən xəbər verir ki, ölkədəki dövlət universitetlərində fəaliyyət göstərən 1278 bakalavr proqramından 990-da dosent, 400 proqramda isə nə professor, nə də dosent akademik heyətində yoxdur. Bu ciddi boşluq xüsusilə tibb, hüquq, diş həkimliyi, kompüter mühəndisliyi, psixologiya və sosial xidmətlər kimi kritik sahələrdə müşahidə edilir.
Məsələn, Trabzon Universitetində 60 yerlik tibb fakültəsində tamamilə akademik heyət çatışmazlığı var. Eyni zamanda, Afyon Kocatepe, Çankırı Karatekin və İnönü universitetlərinin hüquq fakültələrində professor kadrları mövcud deyil, bəzi universitetlərdə isə yalnız bir professor fəaliyyət göstərir.
Yüksək texnologiya sahəsində də vəziyyət ürəkaçan deyil. Son illərdə Yükseköğretim Kurulu (YÖK) tərəfindən önəm verilən süni intellekt (AI) və maşın öyrənməsi proqramlarının 16-sında heç bir professor yoxdu, ümumilikdə 200-dən çox mühəndislik proqramında professor çatışmazlığı qeyd olunur. Xüsusilə proqramlaşdırma və kompüter mühəndisliyi sahələrində akademik kadrların azlığı ciddi narahatlıq yaradır.
Sağlamlıq sahəsində də durum qaranlıqdır: 117 tibb proqramının 32-də, 62 psixologiya proqramının isə 34-də heç bir professor yoxdur. Bu, həmin sahələrdə proqramların yarıdan çoxunun akademik liderlikdən məhrum olduğunu göstərir.
Bu vəziyyət Azərbaycandan həmin universitetlərdə təhsil alan tələbələrin təhsil haqqının haqqı və keyfiyyəti barədə suallar doğurur. Akademik kadro çatışmazlığı tələbələrin keyfiyyətli təhsil almalarını riskə atır və gələcəkdə diplomların dəyərinə mənfi təsir göstərə bilər.
Universitetlərin akademik heyət məsələsini ciddi şəkildə nəzərdən keçirməsi və tələbələrə yüksək səviyyədə təhsil təmin etməsi ölkələrin təhsil sisteminin sağlamlığı üçün vacib sayılır. Əks təqdirdə, bu proqramlar yalnız formal diplom verən təhsil müəssisələrinə çevrilə bilər.
AzNews.az