“AzerGold" QSC nizamnamə kapitalını 216,3 milyon manat və yaxud 4,5 dəfə artıraraq 62 milyon manatdan 278,3 milyon manata çatdırıb.
AzNews.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı səhmdar cəmiyyətinin dövriyyədə olan 2 milyon manat ədəd səhminin nominal dəyərinin 31 manatdan 139,15 manata çatdırılması hesabına baş tutub.
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
AzNews.az