“Rusiya Ermənistanda revanşizmi qızışdırır” – Azər Həsrət

4 Avqust 2025 17:48 (UTC+04:00)

“Azərbaycan üçün ən əlverişli ssenarilərdən biri, Ermənistanın hazırkı rəhbəri – Nikol Paşinyanın – hakimiyyətdə qalması və sülh gündəliyinə sadiq qalmasıdır. Paşinyan zaman-zaman verdiyi açıqlamalar və atdığı addımlarla Azərbaycanın mövqeyini qəti şəkildə inkar etmədiyini, əksinə, ona mərhələli şəkildə yaxınlaşmağa çalışdığını göstərir. Bu səbəbdən biz onun daxili siyasi manevr imkanlarını məhdudlaşdırmamalıyıq. Əksinə, Ermənistan daxilində ictimai rəyə təsir edə bilməsi üçün ona müəyyən siyasi nəfəs sahəsi tanımalıyıq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Ermənistan hökuməti Konstitusiya dəyişiklikləri ilə bağlı qapalı müzakirələr aparır. “Past” qəzetinin məlumatına görə, Baş nazir Nikol Paşinyanın göstərişi ilə Konstitusiya layihəsi üzərində işləyən ayrıca bir qrup yaradılıb. Bu qurum artıq mövcud olan Konstitusiya İslahatları Komissiyasına əlavə olaraq formalaşdırılıb. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bir müddət əvvəl bildirib ki, Konstitusiya dəyişiklikləri üzərində iş 2018-ci ildən başlayıb və bu proses Ermənistanın daxili məsələsidir. Onun sözlərinə görə, bu məsələni Azərbaycanla əlaqələndirmək düzgün deyil. Xatırladaq ki, Azərbaycan tərəfi uzun müddətdir Ermənistan Konstitusiyasının preambulasında Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların ləğvini tələb edir.

Siyasi şərhçi bildirib ki, Paşinyan həm xarici təzyiqlərin, həm də ölkə daxilindəki revanşist qüvvələrin təzyiqi ilə üz-üzədir.

“Bu qüvvələrin arxasında əsasən Rusiya dayanır. Rusiya isə Ermənistan daxilindəki anti-Azərbaycan əhval-ruhiyyəni qızışdırmaq üçün revanşistləri dəstəkləyir. Bu baxımdan, biz Paşinyana qarşı deyil, əksinə, ona şərait yaradaraq Ermənistan daxilində sülh tərəfdarlarının mövqeyini gücləndirməliyik. Fakt odur ki, Paşinyan Azərbaycanla razılaşmanın zəruriliyini anlayır. Bu gün də, əvvəllər olduğu kimi, bəyan edir ki, Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Əgər o, bu reallığı dərk edirsə, biz onu niyə küncə sıxışdırmalıyıq? Niyə onun manevr imkanlarını məhdudlaşdırmalıyıq? Əksinə, imkan verməliyik ki, daxili auditoriyada öz mövqeyini möhkəmləndirsin, siyasi sabitliyi qoruya bilsin və sülh prosesini davam etdirsin. Bizim üçün əsas məqsəd, Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan rəsmən imtina olunmasıdır. Yəni, nəticə bizim üçün daha vacibdir. Əgər bu məqsədə nail olmaq üçün müəyyən siyasi güzəştlər və səbir tələb olunursa, bu, qəbul edilə biləndir. Son günlər yayılan məlumatlara görə, bu həftənin cümə günü Vaşinqtonda ABŞ-ın sabiq prezidenti Donald Trampın vasitəçiliyi ilə Paşinyanla Prezident İlham Əliyevin görüşü baş tuta bilər. Bu görüş baş verərsə, bu, sülh prosesində dönüş nöqtəsi ola bilər. Belə bir məqamda biz Paşinyana təzyiq göstərməkdənsə, onun sülh istiqamətində atdığı addımlara şərait yaratmalıyıq. Qoy, sakit və ardıcıl şəkildə Azərbaycanın istəklərinə uyğun hərəkət etsin. Bundan sonra isə sülh sazişinin imzalanması və münasibətlərin normallaşması prosesi gələcək. Bu isə o qədər də çətin məsələ deyil”.

Rəfiqə Namazəliyeva,

AzNews.az