"Mənim balamı niyə aparırsınız?" -Foto

6 Sentyabr 2013 17:50 (UTC+04:00)
Sosial şəbəkələrdə və YouTube-da yayılmış videoçəkilişlə bağlı Britaniyada böyük qalmaqal qopub.

Videoda sosial təminat xidmətinin əməkdaşları 6 saatlıq körpəni anasının əlindən alırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə Britaniyanın Staffordşir qraflığındakı Manbi şəhərində yaşanıb.

Şəhərin sosial təminat xidmətinin iki əməkdaşı polis zabitinin müşayiəti ilə bir mənzilə daxil olublar. Burada onlar, 6 saat əvvəl doğulmuş körpəni anasının əlindən alırlar.

36 yaşlı ana eşitdiyinə ilk-əvvəl inanmır.

"Balamı aparırsınız?! Niyə? Nə üçün?" deyən anaya "Siz valideyn hüququndan məhrum edilibsiniz. Uşaq sığınacağa veriləcək" cavabı verilir.

Bu sözləri eşidəndə ana hönkürür, qışqırır, nalə çəkir: "Yalvarıram, aparmayın!" O, uşağı vermək istəməsə də, olaya polis müdaxilə edir və körpəni anasından alır.

Manbi sakini olan qadın övladını evdə doğmuşdu.

4 övlad anası olan qadının beşinci övladı olan bu körpənin atası mobil telefonla baş verənləri çəkmişdi.

Sonradan polislər bu videonun sosial şəbəkələrdən yığışdırılmasını tələb etsələr də, ata qulaq asmamış və 6 həftəlik həbs cəzası almışdı.

Manbi şəhər bələdiyyəsi isə bildirib ki, bu yoxsul, övladlarına normal baxa bilməyən ərlə arvadın 3 uşağı artıq əllərindən alınaraq sğınacaqlara verilib.

Uşaqların atasının dediyinə görə, keçən 7 il ərzində ailələrində problem olmayıb.

"Lakin son vaxtlar onun davranışında kəskin dəyişikliklər oldu. Arvadım depressiyaya qapılmışdı. Sosial xidmətin işçiləri də bunu bəhanə edərək uşağımızı əlimizdən aldılar", - ata deyib.

AzNews.az