UNESCO qastronomiyası Türkmənistanda: Azərbaycan mətbəxi dünya səhnəsində

7 Avqust 2025 16:12 (UTC+04:00)

Türkmənistanda keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində təşkil edilən “Azərbaycan Milli Günləri” çərçivəsində ölkəmizin zəngin kulinariya irsi beynəlxalq ictimaiyyətə təqdim olunur. Avaza Milli Turizm Zonasında keçirilən tədbirin kulinariya sərgi hissəsində Dövlət Turizm Agentliyi və onun tabeliyində fəaliyyət göstərən Milli Kulinariya Mərkəzi Azərbaycan mətbəxinin ənənəvi yeməkləri, şirniyyatları və qastronomik dəyərlərini nümayiş etdirir.

Sərgi ziyarətçilərinə təqdim olunan kulinariya stendi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli qastronomiya elementlərimiz əsasında tərtib edilib. Stendin konsepsiyası həm Azərbaycan, həm də Türkmənistan xalqları arasında mətbəx mədəniyyəti sahəsindəki ortaq dəyərləri əks etdirir. Tədbir çərçivəsində iştirakçılara dayanıqlı qida istehsalı, ənənəvi bişirmə üsulları və regionların spesifik mətbəx nümunələri haqqında ətraflı məlumatlar verilib. Xüsusilə çörəkbişirmə ənənələri, təndir, qutab və digər yeməklər həm praktiki, həm də nəzəri şəkildə təqdim olunub.

Azərbaycan kulinariyası zəngin tarixi və müxtəlifliyi ilə seçilir. Ölkənin coğrafi mövqeyi, iqlim müxtəlifliyi, Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşməsi Azərbaycan mətbəxini son dərəcə rəngarəng və özünəməxsus edib. Qafqaz dağlarından Xəzər sahillərinə, aran zonalarından dağətəyi ərazilərə qədər ölkənin hər bölgəsi fərqli dad və ənənələrə malikdir. Bu kulinariya zənginliyi yalnız yemək reseptlərində deyil, eyni zamanda qonaqpərvərlik mədəniyyətində, süfrə estetikasında və bişirmə fəlsəfəsində də öz əksini tapır.

Azərbaycan mətbəxində əti, tərəvəzi, taxılı və süd məhsullarını sintez edən çoxsaylı yeməklər mövcuddur. Plovun onlarla növü, dovğanın həm gündəlik, həm də mərasim yeməyi kimi hazırlanması, dolma və kababların regional fərqliliklərlə təqdim olunması, eləcə də paxlava, şəkərbura, qoğal kimi şirniyyatların bayramlarda xüsusi yer tutması mətbəximizin rəngarəngliyindən xəbər verir. Təsadüfi deyil ki, Azərbaycan dolması UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və dünya mətbəxi tərəfindən də yüksək qiymətləndirilir.

Bu cür beynəlxalq tədbirlər Azərbaycanın milli-mədəni irsinin tanıdılması və qlobal qastronomik xəritədə yerinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Tədbirin kulinariya bölməsi Azərbaycan mətbəxinin zənginliyini yalnız nümayiş etdirmir, eyni zamanda region ölkələri arasında mədəni körpülərin qurulmasına, ortaq ənənələrin paylaşılmasına və gələcək əməkdaşlıqlara zəmin yaradır.

“Azərbaycan Milli Günləri” sabah başa çatacaq olsa da, tədbir çərçivəsində təqdim olunan mədəni və kulinariya proqramları ölkəmizin qastronomiya potensialının beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verir.

AzNews.az