Xaçmazda Şaftalı Festivalı - ŞƏRH

7 Avqust 2025 21:07 (UTC+04:00)

Xaçmaz rayonunda keçirilən Aqrar Biznes və Şaftalı Festivalı diqqət mərkəzindədir. Bu tədbir kənd təsərrüfatı məhsullarının, xüsusilə yerli şaftalı sortlarının tanıdılması və bölgənin aqrar potensialının daha geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyır. Kənd Təsərrüfatı Nazirliyi və yerli icra strukturlarının birgə təşəbbüsü ilə təşkil olunan festival həm yerli istehsalçılar üçün platforma rolunu oynayır, həm də bölgənin aqroturizm imkanlarını önə çıxarır. Tədbirdə təqdim olunan statistik rəqəmlər də bölgənin şaftalıçılıq sahəsindəki güclü mövqeyini nümayiş etdirir. Belə ki, cari ildə Xaçmazda 4 min 240 hektarda şaftalı bağı salınıb və 20 min ton məhsul yığılıb.

Festivalın özəlliyi təkcə məhsul təqdimatı ilə məhdudlaşmır, burada həm də aqrar texnologiyalar, innovasiyalar və dövlətin dəstək mexanizmləri üzrə maarifləndirici müzakirələr təşkil olunub. “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panelində müxtəlif dövlət və özəl qurumların iştirak etməsi, subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta və məşğulluq proqramları haqqında məlumat verilməsi bu tip tədbirlərin iqtisadi mahiyyətini artırır. Bu yanaşma fermerlərə və kənd təsərrüfatı subyektlərinə bilavasitə fayda verir, praktik bilik və yeni imkanlar qazandırır.

Festivalın iqtisadi baxımdan önəmi, eyni zamanda, yerli sahibkarlar üçün satış və tanıtım imkanlarının genişlənməsində təzahür edir. Fermerlər burada yalnız məhsullarını təqdim etmir, həm də potensial tərəfdaşlarla birbaşa əlaqə qurur, innovativ texnologiyalarla tanış olur və mövcud bazar imkanlarını dəyərləndirirlər. Elektron qeydiyyat və rəqəmsal xidmətlərin inkişafı fonunda bu cür açıq hava festivalları real satış və tanıtım vasitəsi kimi də çıxış edir. Həmçinin burada iştirak edən yerli və xarici qonaqların bölgəyə cəlbi turizm və xidmət sektoruna da əlavə dinamika qazandırır.

Xaçmaz rayonunun şaftalıçılıq ənənələri və torpaq-iqlim xüsusiyyətləri bu sahənin iqtisadi rentabelliyini yüksəldir. Hər hektardan orta hesabla 60 sentner məhsul yığılması və ümumi məhsuldarlığın 20 min ton səviyyəsində olması bölgənin ixrac potensialının formalaşması üçün də ciddi əsasdır. Əgər məhsulların keyfiyyəti və çeşidləri beynəlxalq standartlara uyğun şəkildə qablaşdırılıb satışa çıxarılarsa, şaftalı ixracı növbəti illərdə bölgənin ümumi kənd təsərrüfatı göstəricilərində ciddi artım yarada bilər. Bu isə təkcə yerli səviyyədə deyil, ölkə iqtisadiyyatı kontekstində də strateji müsbət nəticələr verə bilər.

Festivalların əhatəliliyi təkcə məhsul sərgiləri ilə yox, təlim və maarifləndirmə tədbirləri ilə də seçilir. “Torpağın aqrokimyəvi analizləri” mövzusunda keçirilən təlim fermerlərə elmi yanaşmalar əsasında məhsuldarlığı necə artırmaq barədə biliklər qazandırır. Bu, ölkədə aqrar maariflənmənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Praktik təcrübələrin bölüşülməsi və elmi tövsiyələrin fermerlərin iş prosesinə daxil edilməsi aqrar səmərəliliyin artmasında həlledici rol oynayır.

Festival çərçivəsində təqdim edilən panel müzakirələr, texnologiyalar, məhsullar və xidmətlər bütövlükdə onu göstərir ki, kənd təsərrüfatı yalnız ənənəvi sahə deyil, həm də innovasiya və texnologiyalara açıq, iqtisadi baxımdan cazibədar və strateji sektordur. Dövlətin aqrar sahəyə davamlı dəstəyi, bu sahədə fəaliyyət göstərən sahibkarlara vergi və subsidiyalarla təmin olunması regionların iqtisadi aktivliyini gücləndirir, kənd yerlərində məşğulluq və gəlir səviyyəsini artırır.

Xaçmazda keçirilən bu cür festivallar həm də regional identikliklərin, yerli məhsulun dəyərinin və istehsalçının bazardakı yerinin gücləndirilməsi baxımından da dəyərlidir. Belə tədbirlərin davamlı təşkili yalnız mövsümi nəticə vermir, paralel olaraq regionların uzunmüddətli iqtisadi planlamasında və yerli icmaların rifahında da önəmli rol oynayır. Festivalda müşahidə olunan rəngarənglik, iştirakçıların aktivliyi və təmsil olunan qurumların spektri göstərir ki, kənd təsərrüfatı sektoru sadəcə ərzaq istehsalı deyil, həm də innovasiya, məşğulluq, texnologiya və ixracın vəhdət nöqtəsidir.

Nuray,

Aznews.az