“ABŞ-da müəyyən sənədlərin imzalanması gözlənilir. Bunun birbaşa sülh müqaviləsi olacağını düşünmürəm, lakin sülh sazişi istiqamətində niyyət sazişi formatında bir memorandumun imzalanması mümkündür. Eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi də ciddi şəkildə müzakirə ediləcək. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun buraxılması məsələsi və tərəflərin bu kontekstdə atacağı gələcək addımların koordinasiyası da gündəmdə olacaq. Hətta bu istiqamətdə müəyyən yekun razılaşmanın əldə olunması da mümkündür. Hazırda əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı davam edən və onun Konstitusiyasında təsbit olunmuş ərazi iddialarıdır. Ola bilər ki, bu məsələdə müəyyən razılıqlar əldə olunsun”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşməsi mövcud geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Bu görüş yalnız iki ölkənin münasibətlərinin gələcəyini deyil, həm də böyük güclər arasında davam edən geosiyasi rəqabətin yeni mərhələsini müəyyən edə bilər.
Siyasi şərhçi bildirib ki, Konstitusiyanın dəyişdirilməsi məsələsinin gündəmə gəlməsi və Ermənistan tərəfinə bunun üçün müəyyən vaxt verilməsi istisna olunmur.
“Çünki Konstitusiyanın dəyişdirilməsi sadə məsələ deyil. Bunu Vaşinqton da anlayır, rəsmi Bakı da başa düşür ki, Ermənistanın baş naziri Nikol Paşinyan özü belə istəsə, bu addımı atmaq üçün yetərli siyasi iradəyə sahib deyil. Əgər Paşinyan bu cür dəyişikliklərə cəhd etsə, onun hakimiyyətdən devrilməsi və ya xalqın ciddi etirazları ilə üzləşməsi mümkündür. Bu isə indiyədək əldə olunmuş razılaşmaların və dəyişikliklərin puça çıxması ilə nəticələnə bilər. Buna görə də Ermənistanın Konstitusiya dəyişikliyi üçün müəyyən vaxt istəməsi və bu məsələnin qapalı danışıqlarda müzakirə olunması real görünür. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını xeyli zəiflədib. Bu vəziyyətdən istifadə edən ABŞ bölgəyə daxil olmaq üçün fürsət əldə edib. Ümumiyyətlə, beynəlxalq münasibətlərə kompleks yanaşmaq vacibdir. Müxtəlif regionlarda baş verən hadisələr bir-biri ilə sıx bağlıdır. Bu gün Şərqi Avropada baş verənlər Cənubi Qafqazda baş verən proseslərlə birbaşa əlaqəlidir. ABŞ hazırda Rusiyanı sıxışdırır, Şərqi Avropada sanksiyalar və iqtisadi təzyiq siyasəti aparır, eyni zamanda Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışır. Vaşinqtonun əsas məqsədi Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesində moderator və vasitəçi rolunu gücləndirmək, bölgədə təsir imkanlarını artırmaq və Zəngəzur dəhlizinə müəyyən nəzarət imkanları əldə etməkdir. Mən bu məsələyə müəyyən ehtiyatla yanaşıram. ABŞ-ın Zəngəzur dəhlizinə tam nəzarəti perspektivdə yeni eskalasiyalara zəmin yarada bilər. Müharibədən sonra Rusiya bölgəyə geri qayıtdıqda, ABŞ-la toqquşma riski arta bilər. Bu, Azərbaycanın və eyni zamanda Türkiyənin maraqlarına uyğun deyil”.
Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizi məsələsində Bakı, Ankara və İrəvan ehtiyatlı və praqmatik davranmalıdır:
“Məqsəd Vaşinqtonu bu prosesdən kənarda saxlamaq olmalıdır. Əgər bu mümkün olarsa, bu, region ölkələrinin maraqlarına tam uyğun olacaq. Unutmaq olmaz ki, hazırda qlobal səviyyədə çox ciddi proseslər baş verir və müxtəlif regionlar bir-birinə sıx şəkildə bağlıdır. Rusiya yaxın gələcəkdə həm Azərbaycana, həm də Ermənistana təzyiqlərini artıra bilər. Eyni zamanda, Rusiya ilə ABŞ arasında mövcud gərginliyin də daha da dərinləşməsi və yeni mərhələyə keçməsi gözləniləndir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az