Əli Mustafayev: “Rusiya ticarət tariflərindən yayınmaq üçün diplomatik gedişə əl atıb”

8 Avqust 2025 17:04 (UTC+04:00)

“Ümumiyyətlə, Rusiya–ABŞ münasibətləri, xüsusilə də Donald Tramp hakimiyyətə gəldikdən sonra, müəyyən ziqzaqvari şəkildə inkişaf edir. Lakin bu münasibətlərdəki gərginlik hələlik pik həddə çatmayıb, yəni “qırmızı xətt” keçilməyib. Hər dəfə təsadüfi görünən fürsətlər yaranır və sanki bir möcüzə baş verir – Rusiya Amerikanın qəzəbindən yayınmağı bacarır. Son günlərdə də buna bənzər bir hadisə baş verib. Son anda Vladimir Putin görüşə razılıq verib və havadan hücumların qarşılıqlı şəkildə dayandırılmasına dair sözləşmə təklif edib. Bir sözlə, bu dəfə də sanki hansısa “sehrli çubuq” Rusiyanı Trampın tətbiq etmək istədiyi yeni ödənişlərdən və təzyiqlərdən xilas edib. Tramp da bu vəziyyətdən məmnun qaldığını açıq şəkildə bəyan edib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun avqustun 6-da Rusiya Prezidenti Vladimir Putinlə görüşü Ağ Ev tərəfindən müsbət qarşılanıb. Prezident Donald Tramp görüşün məhsuldar keçdiyini bildirib və bu barədə Almaniya kansleri ilə də telefon danışığı aparıb. Sözügedən görüş Rusiya mətbuatında da müsbət dəyərləndirilib. Avqustun 7-si gecə yarısından etibarən Trampın təsdiqlədiyi qarşılıqlı tariflər qüvvəyə minib. Diqqətçəkən məqam ondan ibarətdir ki, tariflərin tətbiq olunduğu ölkələr sırasında Rusiya yer almayıb.

Siyasi şərhçi bildirib ki, Trampın Putinin razılığı ilə bağlı verdiyi açıqlama bu ehtimalı gücləndirir və beləliklə, Amerika ilə Rusiya arasında Ukrayna məsələsində anlaşma əldə olunacağına dair ümid yaranır.

“İlkin olaraq, Tramp bu gün Putinlə ikitərəfli görüş keçirməyi təklif edib. Daha sonra isə Putinin iştirakı ilə Ukrayna Prezidenti Zelenski ilə üçtərəfli görüş planlaşdırılır. Avropa İttifaqı bu görüşlərdə iştirak etməyə can atsa da, görünür, ABŞ hələlik bu formatda Aİ-ni prosesə cəlb etməyə maraqlı deyil. Bununla belə, ekspertlərin fikrincə, bu, Rusiyanın növbəti diplomatik oyunudur. Görünən odur ki, Kreml ABŞ-ın tətbiq etdiyi yeni ticarət tariflərindən yayınmaq üçün bu diplomatik gedişə əl atıb. Yaxın günlərdə bəlli olacaq ki, bu atəşkəs təşəbbüsü realdır, yoxsa sadəcə Rusiyanın növbəti blefidir. Eyni zamanda, bu proseslər Donald Trampın da öz siyasi kombinasiyalarını həyata keçirdiyini göstərir. Bütün hallarda gözlənti odur ki, Rusiyaya qarşı yeni və ciddi sanksiyalar tətbiq ediləcək. Hətta Rusiyadan neft və qaz alan ölkələrə qarşı da əlavə sanksiyalar gündəmdədir. Putinlə baş tutan son görüş isə bu məsələlərin müzakirəsində mühüm rol oynayıb. Yaxın vaxtlarda aydın olacaq ki, bu, həqiqətən sülhə gedən yoldur, yoxsa sadəcə Rusiyanın beynəlxalq təzyiqlərdən yayınmaq üçün növbəti blefidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az