Vaşinqton Bəyannəməsi: Qafqazda sülhə tarixi keçid - Əliməmməd Nuriyev yazır

9 Avqust 2025 03:48 (UTC+04:00)

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Bəyannamə Cənubi Qafqazın son onilliklərdəki ən mühüm diplomatik sənədlərindən biri kimi dəyərləndirilməlidir. Bu sənəd Azərbaycanın 2020-ci ildə hərbi yolla əldə etdiyi ərazi bütövlüyü uğurunu beynəlxalq-hüquqi müstəvidə rəsmiləşdirdi və Qarabağ məsələsini beynəlxalq gündəmdən çıxardı.

Ağ Evdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Tramp bildirdi: “Bu, uzun bir yol idi – 35 il müharibə apardılar, indi isə dost oldular və uzun müddət dost olaraq qalacaqlar. Mən çox inanıram ki, uzunmüddətli sülh mümkündür.” Bu, sənədin regional sabitlik və davamlı sülh üçün açdığı perspektivlərin siyasi təsdiqi idi.

Azərbaycan Prezidenti İlham Əliyev isə vurğuladı: “Biz bu gün Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım atırıq.” Bu, hərbi üstünlüyün diplomatik üstünlüyə çevrilməsi strategiyasının məntiqi nəticəsi idi. Ermənistan Baş naziri Nikol Paşinyan isə qeyd etdi: “Biz keçmişdə yaşadığımız hekayədən daha yaxşı bir hekayə yazmaq üçün təməl qoyuruq.”

Bəyannamənin əsas elementi Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının beynəlxalq təsdiqidir. ATƏT-in Minsk Qrupunun və onun strukturlarının ləğvi isə münaqişəni “dondurmaq” funksiyasını yerinə yetirən mexanizmin tarixə qovuşmasıdır. Bu addım Qarabağ məsələsini vasitəçilik predmeti olmaqdan çıxarır.

Sənəddə “maneəsiz əlaqə” prinsipi Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında quru bağlantının bərpasını nəzərdə tutur. Bu dəhliz ölkənin nəqliyyat, logistika və təhlükəsizlik sistemlərinə strateji təsir göstərəcək. Paralel olaraq, Ermənistanın kommunikasiya imkanlarının genişlənməsi regionda bütün tərəflərə xeyir gətirən yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.

TRIPP layihəsi isə Azərbaycanın geoiqtisadi rolunu gücləndirən mühüm elementdir. ABŞ-ın təşəbbüsü ilə formalaşan bu marşrut Azərbaycanın tranzit mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.

BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinad edilməsi sərhəd toxunulmazlığı prinsipini beynəlxalq hüquqla təsdiqləyir, “güc tətbiq etməmək” bəndi isə Ermənistanın gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradır.

Sənədin icrasında risklər qalır. Beləki,Ermənistan daxilində radikal qüvvələrin müqaviməti, İran və Rusiyanın ehtiyatlı mövqeyi, ratifikasiya mərhələsində texniki-siyasi əngəllər. Lakin Azərbaycan son illərdə qazandığı hərbi-siyasi üstünlüyü diplomatik müstəvidə qorumaq üçün kifayət qədər təcrübəyə malikdir.

Milli psixoloji baxımdan bu sənəd 2020-ci il qələbəsinin diplomatik tamamlanmasıdır Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev imzalanmadan əvvəl yazdığı mesajda demişdi:

“İlham Əliyev müharibədə qalib gəldi, indi isə sülhü qazanır.”

Bu, həmin günün siyasi ovqatını qısa və dəqiq ifadə edirdi.

Vaşinqton Bəyannəməsi Azərbaycanın əlində tarixi fürsətdir və onun icrası milli strategiyanın ayrılmaz hissəsi kimi davam edərsə, gələcək nəsillər üçün diplomatiyanın parlaq səhifəsinə çevriləcək.

Əliməmməd Nuriyev