Müzəffər Ali Baş Diplomat - Sahib Alıyev yazır

9 Avqust 2025 06:06 (UTC+04:00)

Dünyanın proqnoza tam yatımsız bir dönəmində onun bu hala gəlməsində adı ən çox hallandırılan ABŞ-nin Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh yönündə böyük, mən hətta deyərdim həlledici sayılan addım atıldı ki, paradoksal görünsə də, əslində bunun təsbit edildiyi birgə Bəyannamənin mətninin elə belə olacağı tam proqnozlaşdırılırdı. Çünki ortada İlham Əliyev faktoru var! Kim də olmasa, biz azərbaycanlılar və elə qarşı tərəf də gözəl bilirdik ki, kimin vasitəçiliyi ilə ərsəyə gəlir-gəlsin, Azərbaycan Prezidentinin imza qoyduğu istənilən sülh sənədində onun irəli sürdüyü tələblər mütləq əksini tapacaq. Cənab İlham Əliyevlə Nikol Paşinyanın imzaladıqları ABŞ Prezidentinin şahidlik etdiyi birgə Bəyannamənin mətninə ötəri nəzər salmaq bəs edir ki, orada Azərbaycanın bütün şərtlərinin yer aldığı görünsün.

Orada hər şey-Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət də, Naxçıvana maneəsiz gediş-gəliş də, revanşizm cəhdinin yolverilməzliyi də açıq mətnlə qeyd olunduğundan hansı maddədə nə yazıldıgını bir-bir izah edib vaxt almaq istəmirəm. Sadəcə, birinci maddədəki "biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davamına ehtiyac olduğunu qəbul etdik" cümləsini açmaqla kifayətlənirəm.

Qısa desək, burada Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik tələbində haqlılığı və o, təmin edilməyincə, hərtərəfli sülh müqaviləsinin nə imzalanmasının, nə də ratfikasiyasın mümkünlüyü vurğulanır. Beləliklə, bu Bəyannamə, Azərbaycanın baxış bucağından yanaşsaq, elə həm də Bəyənnamə, yəni bəyənilən sənədlə 2020-ci ilin 10 noyabrındakı üçtərəfli bəyanat ABŞ-nin sahidliyi və demək ki, dəstəyi ilə ikitərəfli olur. Təbii ki, bu transformasiyada 2020-ci ildən sonra Azərbaycanın yaratdığı yeni reallıq, yəni Qarabağ üzərində suverenliyinin təmini də tam nəzərə alınır. Alınır və 2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü görüşündə, ondan öncəki Qranada zirvəsindəki məkrli razılaşmalar "status"un getdiyi yerə göndərilir!

Və əgər 2020-ci ildəki üçtərəfli Bəyanatın əsas müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyev idisə, yeni Bəyannaməninki belə demək mümkünsə, Müzəffər Ali Baş Diplomat İlham Əliyevdir.
Bəli, sayın Ərdoğan tam haqlı çıxdı-cənab İlham Əliyev tarixə həm də regiona sülh gətirən lider kimi düşdü! Ancaq Vaşinqtonda baş verən bu olay təkcə bizim regionda yeni dövrün başlanğıcını qoymur. Bu, bütövlükdə yeni dünya düzəninin qurulması yönündə atılan ilk addımdır. Belə bir addımın ABŞ kimi supergücün paytaxtında atılması nə qədər təbii görünürsə, onun elə həmən supergücün də uzun zaman arzulamadıgı və hətta qarşı çıxdığı şəkildə baş verməsi bir o qədər heyrətamizdir! Təbrik edir və Sizinlə qürur duyuram, yeni dünya düzəninin qurulmasında Azərbaycan kimi elə də böyük olmayan bir dövlətin maraqlarının da nəzərə alınmasını bacaran Müzəffər Ali Baş Diplomat!

Sahib Alıyev,

Milli Məclisin deputatı