"Rusiya Azərbaycana qarşı təzyiq alətlərini işə salır, amma Bakı geri çəkilməyəcək" - Zaur İbrahimli

12 Avqust 2025 19:39 (UTC+04:00)

“Azərbaycana qarşı bu cür qeyri-dost hərəkətlər eyni zamanda Rusiya üçün də risklər yaradır. Azərbaycan bu məsələlərdə adekvat addımlar atır və müəyyən qədər təmkinini qoruyur. Əgər rusların qeyri-dost hərəkətləri güclənib intensivləşərsə, Azərbaycan da öz növbəsində adekvat tədbirlər görəcək. Azərbaycanın münasibətdə biz hərdən diaspor üzərindən təzyiq etməyə çalışacağını təxmin edə bilərik. Həmçinin, Azərbaycanın qarşı təbliğatının və Azərbaycandan düşmən ünsürləri yaratmaq səylərinin daha da intensivləşəcəyini proqnozlaşdıra bilərik. Çox güman ki, təbliğatçıları artıq Rusiya dövlət dairəsindən deputatlar və bəzi senatorlar da dəstəkləyə bilərlər. Eyni zamanda, indiki mərhələdə Rusiya rəsmiləri də bu prosesin təşkilatçılığına cəlb edilə bilərlər. Düşünürəm ki, iqtisadi məsələlərdə də ruslar təzyiq göstərməyə çalışa bilərlər. Bu, Azərbaycan məhsullarının və geyimlərin idxalına məhdudiyyətlərin tətbiqi ilə nəticələnə bilər. Ruslar zaman-zaman bu alətləri işə salırlar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında ABŞ-da əldə olunan razılaşmalar və üçtərəfli bəyanat fonunda Rusiyanın yanaşması diqqət çəkir. Moskva nisbətən təmkinli görünsə də, Xarici İşlər Nazirliyi səviyyəsində narahatlıq və narazılığını ifadə edib. Digər tərəfdən, Azərbaycanın Ukraynadakı neft və qaz mərkəzləri Rusiya ordusunun hədəfinə çevrilib. Həmçinin, Ermənistanda yerləşən 102-ci hərbi baza üçün 200-ə yaxın rus hərbçisinin göndərildiyi bildirilir.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan öz təcrübəsi ilə sübut edib ki, bu cür təzyiq üsullarına qarşı müəyyən immunitet formalaşdırıb.

“Hələlik Rəsmi Moskvanın Azərbaycana təzyiq alətləri o qədər geniş deyil və Azərbaycanın təzyiqə dözümlülük potensialı da o qədər az deyil. Azərbaycanın artan beynəlxalq nüfuzu, o cümlədən güclü müttəfiqlər alyansı və onların iqtisadi potensialı Rusiyanın təzyiqlərini neytrallaşdırmağa imkan verir. Həmçinin, Türkiyə ilə strateji müttəfiqlik və Türk Dövlətləri Təşkilatının güclü dəstəyi rəsmi Bakı üçün kifayət qədər etibarlı zəmanətlər formalaşdırıb. Eyni zamanda, rəsmi Bakı xarici siyasətdə riskləri yüksək ustalıqla idarə etmək bacarığını nümayiş etdirib. Rusiya rəsmi səviyyədə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalara təmkinlə cavab verdi. Lakin buna baxmayaraq, Rusiya təbliğat vasitələrində, o cümlədən dövlətə məxsus mediada Azərbaycana qarşı təhdid, hədə qorxu və şantaj təbliğatı güclənməkdədir. Hətta ilk dəfə olaraq, çox açıq şəkildə Azərbaycana qarşı xüsusi hərbi əməliyyatların keçirilməsi barədə çağırışlar edilir. Rus telekanallarında, teleqram və YouTube kanallarında Azərbaycana qarşı dezinformasiya, yalan və təhdid dolu məlumatların yayılması artıq kütləvi xarakter alıb. Düşünürəm ki, Moskva rəsmiləri ABŞ ilə planlaşdırılan danışıqlar ərəfəsində, prezident Trampın iştirakı ilə əldə olunan razılaşmalarla bağlı təmkinli mövqe nümayiş etdirməyə üstünlük veriblər. Çox güman ki, Moskvada hesab edirlər ki, ABŞ da danışıqlar ərəfəsində bu yanaşma ən optimal çıxış yoludur. Əldə olunan razılaşmalara diqqət yetirsək, görərik ki, burada nəinki Azərbaycan və Ermənistan, həmçinin bütün region ölkələrinin maraqları nəzərə alınıb. Mətnə əsasən, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq öhdəlik götürürlər ki, heç bir üçüncü ölkəyə qarşı öz ərazilərindən istifadə imkan verməyəcəklər. Bu, həm Rusiyanın, həm Türkiyənin maraqlarına cavab verir. Qonşularımız Gürcüstan və İrana da diqqət yetirmək lazımdır. Sülh sazişinin mətni göstərir ki, bu razılaşmaların əsas məqsədi Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq, dinc birgəyaşayışı təmin etmək və bunun üçün ciddi hüquqi və siyasi bünövrə formalaşdırmaqdır”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya tərəfdən narahatlıqlar yaranarsa, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı suallar daha çox Ermənistan tərəfinə yönəldilməlidir:

“Azərbaycan sülh danışıqlarının və nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı müzakirələrin başlanğıcından etibarən bəyan edib ki, bütün razılaşmalar ikitərəfli formatda həll olunmalı və həyata keçirilməlidir. Əgər Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığı varsa, bu, daha çox Ermənistanla müzakirə olunmalıdır, çünki Azərbaycanın mövqeyi dəyişməzdir. Digər tərəfdən, Azərbaycan heç vaxt öz ərazilərindən üçüncü ölkəyə qarşı istifadə olunmasına imkan verməyib və ölkədə xarici hərbi baza yoxdur. Hazırkı siyasət region ölkələri üçün təhdid yaratmır. Rusiyanın Azərbaycana qarşı qeyri-dost münasibətinin əsas səbəbləri milli maraqlarla bağlı deyil, sadəcə olaraq, Moskva imperiya instinktləri ilə hərəkət edir. Onlar SSRİ dövründəki vəziyyəti başqa formatda bərpa etmək, Mərkəzi Moskva olan, ətrafında vassalların olduğu tərəfdaşlıq sistemi yaratmaq istəyirlər. Rəsmi Moskva MDB ölkələrinin müstəqil xarici siyasət yürütməsinə və öz inkişaf yollarını seçməsinə qarşı çıxır. Faktiki olaraq, MDB ölkələrinin çoxu Rusiyanın təhdid və təzyiqləri ilə üzləşir, Rusiyanın tələbləri isə həmin ölkələrin dövlət suverenliyindən müəyyən güzəştlər tələb edir. Azərbaycan isə müasir dövrdə öz siyasəti ilə sübut edib ki, belə hədə-qorxu siyasətinə boyun əyməyəcək və yalnız bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir. Həm regionda maraqların uzlaşdırılması üçün çalışır, həm də qlobal miqyasda inteqrasiya layihələrinin inkişafına və çoxtərəfli əməkdaşlığın güclənməsinə çalışır. Düşünürəm ki, Rusiya artıq buna əmindir. Azərbaycan zamanında həm ABŞ, həm də İranla münasibətlərində eyni siyasət yürüdüb və yalnız müvafiq addımlar atıldıqdan sonra ikitərəfli münasibətlər normallaşıb, əməkdaşlıq layihələri irəli sürülüb. Hesab edirəm ki, Rusiyanın da bu təcrübədən nümunə götürməsi və oxşar addımlar atması vacibdir. Yalnız bundan sonra ikitərəfli əməkdaşlıq normallaşa bilər. Amma əvəzində biz Rusiyanın birbaşa və dolayısı təzyiq üsullarından istifadə etdiyini görürük”.

Siyasi şərhçi sonda vurğulayıb ki, hazırda Rusiyanın diqqəti əsasən Ermənistana yönəlib:

“Gələn il orada parlament seçkiləri keçiriləcək. Çox güman ki, sentyabr ayından başlayaraq Rusiya Paşinyan iqtidarına siyasi təzyiqləri artıracaq, erməni müxalifətini təşkilatlandırmaq, ona təbliğat və maliyyə dəstəyi verməklə kilsənin dəstəyini təmin etməyə çalışacaq. Həmçinin, Rusiyanın 102 saylı hərbi bazasını gücləndirməsi və digər təzyiq üsullarını da artırması ehtimal olunur. Ermənistanda siyasi mübarizə qızışdıqca, rusların təzyiq etmək istəyi də artacaq. Paşinyan iqtidarına qarşı təbliğat və dezinformasiya siyasəti daha da güclənəcək, çünki Rusiya hesab edir ki, siyasi metodlarla Paşinyan hökumətini gözdən salmaq və ölkədə mərkəzdənqaçma meylləri yaratmaq mümkündür. Bu məsələdə kilsə də aktiv dəstək verir. Payız aylarında Paşinyan müxalifətinin yeni aksiyalara başlayacağı və yeni siyasi hücumların hədəfinin Paşinyan komandası olacağı ehtimal olunur”.

Rəfiqə Namazəliyeva,

AzNews.az