Anar Yusifoğlu vəzifəyə gedir - Özəl

7 Sentyabr 2013 09:09 (UTC+04:00)
Bu günlərdə İTV-dən ayrılan tanınmış telejurnalist Anar Yusifoğlunun bundan sonra fəaliyyətini harada davam etdirəcəyi maraq doğurur.

Bununla bağlı AzNews.az maraqlı məlumatlar əldə edib. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, A. Yusifoğlu xüsusilə seçkilər ərəfəsində uzun müddət bu sahədə təcrübəsi olan peşəkar kadr kimi "itirilməyəcək".

Qeyd edək ki, ötən seçkilərdə müxalifət liderlərinə replikaları (Ә.Kərimliyə "aramızdan vaxtından tez getdi", İsa Qəmbərə "cənab Qəmbər, sizin cəmi 1 saniyəniz var", habelə Fuad Qəhrəmanlını hökuməti sərt tənqid etdiyinə görə studiyadan çıxartması) onun iqtidar düşərgəsinə yaxınlığını bir daha göstərib.

Belə olan təqdirdə A. Yusifoğlunun İTV-dən uzaqlaşması telejurnalistin "vurulması" anlamına gəlmir. Buna görə də, İTV-dən istefasından sonra ona başqa telekanallarda daha yüksək veriləcəyi gözlənilən idi. Ancaq əldə etdiyimiz məlumata gözə, A.Yusifoğlunun fəaliyyətini bundan sonra hansısa kanalda davam etdirəcəyi barədə məlumatlar həqiqəti əks etdirmir.

Onun dövlət qurumlarından birində yüksək vəzifəyə gətiriləcəyi vurğulanır.

Hazırda Yardımlıda istirahətdə olan telejurnalistin ayın sonuna qədər vəzifə ilə mükafatlandırılacağı gözlənilir.

Bir məsələni də vurğulayaq ki, A.Yusifoğlunun vəzifəsindən uzaqlaşması prosesi müəyyən dairələrdə narazılıq yaradıb. Buna səbəb İTV rəhbərliyinin tələskənliyi və mətbuata düzgün məlumat verilməməsi olub.

Qeyd edək ki, A.Yusifoğlunun İTV-dən ayrılması barədə məlumat yayıldıqdan sonra telekanalın baş direktoru Cəmil Quliyev departament direktorunun özünün istefa ərizəsi yazdığı və ərizənin hələ də onun masasının üstündə olduğuna dair açıqlama verib.

Ancaq sonradan məlum olub ki, A.Yusifoğlunun ərizəsi direktorun masası üzərinə gedənə qədər artıq A.Yusifoğlunun yerinə yeni təyinat aparılıb. Hətta bu barədə İTV-nin Yayım Şurasının qərar qəbul etdiyi də bildirilir. Bu isə Cəmil Quliyevin söylədiklərində səmimi olmadığı qərarına gəlməyə əsas verir. Cəmil Quliyev yaxın ətrafına, tanınmış və peşəkarlığına rəğbəti olan Yusifoğlunu qoruya bilmədiyini və "belə məsləhət oldu" deyib.


Azər
AzNews.az