Ümumi göstəricilərə nəzər saldıqda xarici ticarət balansında 1 milyard 612,2 milyon dollarlıq müsbət saldo formalaşıb. Lakin bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,3 dəfə azdır. Bu fakt Azərbaycan üçün müəyyən risklərin mövcud olduğunu nümayiş etdirir. Belə ki, ölkə ənənəvi olaraq enerji resurslarının ixracından asılıdır və dünya bazarlarında neft və qaz qiymətlərində baş verən dəyişikliklər ixrac həcmlərinə birbaşa təsir göstərir. Son dövrlərdə enerji bazarında qeyri-sabitlik, həmçinin bərpa olunan enerji və alternativ mənbələrə yönəlmiş qlobal tendensiyalar Azərbaycanın ixrac göstəricilərində azalmaya səbəb ola bilər.
Digər tərəfdən idxalın sürətli artımı daxili iqtisadiyyatda həm istehlak tələbatının yüksəldiyini, həm də sənaye və kənd təsərrüfatında bəzi məhsul və avadanlıqlar üzrə xarici asılılığın davam etdiyini göstərir. İxalatın bu qədər artması ölkədən valyuta axınını gücləndirir və uzunmüddətli perspektivdə iqtisadi balansın pozulması riskini yaradır. Müsbət saldo hələ də mövcud olsa da, onun kəskin azalması xarici ticarət siyasətinin diversifikasiyasına ehtiyac olduğunu sübut edir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac çeşidlərinin genişləndirilməsi və yerli istehsalın gücləndirilməsidir. Aqrar sektorun modernləşdirilməsi, yüksək texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsulların istehsalı ixrac potensialını artırmaqla yanaşı idxaldan asılılığı da azalda bilər. Eyni zamanda region ölkələri və strateji tərəfdaşlarla yeni ticarət müqavilələrinin imzalanması da balansın bərpasına müsbət təsir göstərə bilər.
Nəticə etibarilə 2024-cü ilin ilk yeddi ayı üzrə göstəricilər Azərbaycanın xarici ticarətinin hələ də müsbət saldo ilə davam etdiyini göstərsə də, ixracın azalması və idxalın sürətli artımı uzunmüddətli dövrdə iqtisadi sabitliyə təhdid yarada biləcək faktorlar kimi dəyərləndirilir. Bu səbəbdən ölkənin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet olaraq qalmalıdır.
AzNews.az