“Çin Ukrayna müharibəsinin uzanmasında maraqlıdır” – Azər Həsrət

18 Avqust 2025 18:36 (UTC+04:00)

“Çinin imkanları böyükdür. Çin Rusiya ilə birbaşa və uzun sərhədə malik qonşu dövlətdir və sərhəd boyunca hətta Şimal Buzlu okeanına qədər ərazilərdə iddiaları var. Rusiya zəifləyib torpaqlarını itirərsə, həmin ərazilərə yerləşmək planı da Çində mövcuddur və bu istiqamətdə təbliğat aparılır. Çin üçün hazırda Ukrayna müharibəsində Rusiyanın qalib gəlməsi maraqlı deyil. Əksinə, Çin istəyir ki, müharibə uzansın və bu müddətdə Rusiya daha da zəifləsin. Ona görə də heç kim Çinin vasitəçiliyinə ciddi ümid bəsləmir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, ABŞ Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli üçün müəyyən səylər göstərir, lakin hələlik bu səylərin yekun və nəticəyə yönəlmiş təsiri görünmür. Münaqişənin gedişatına təsir etmək potensialına malik digər böyük ölkə isə Çindir. Çin, həm coğrafi mövqeyi, həm də iqtisadi və siyasi imkanları ilə bölgədə mühüm rol oynaya bilər və bu səbəbdən münaqişənin nəticələrinə dair strategiyalarda nəzərə alınması vacib olan aktordur.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-a gəldikdə isə, görünür ki, bu ölkə Ukrayna müharibəsinin ədalətli və yekun həllində maraqlı deyil.

“Hazırkı mərhələdə Donald Tramp prezident olaraq ən azı müharibənin dondurulmasında maraqlıdır. Yəni tərəflər əllərindəki torpaqlarla kifayətlənməli, atəşkəs əldə olunmalı və Tramp dünyaya bəyan etməlidir ki, “Mən müharibəni dayandırmışam.” Hazırda ABŞ-ın marağı bundan kənara keçmir və ədalətli həll məsələsi onların gündəmində deyil. Gələcəkdə vəziyyətin necə olacağını zaman göstərəcək. Ümumilikdə isə, dünyanın böyük gücləri – nə Çin, nə də ABŞ – Ukrayna müharibəsinin ədalətli və yekun həllində maraqlı deyillər”.

Rəfiqə Namazəliyeva,

AzNews.az