Müasir dövrdə psixoloji sağlamlıq mövzusu əvvəlkindən daha çox ön plana çıxsa da, bir çox insan hələ də psixoloqa müraciət etməkdən çəkinir. Halbuki emosional gərginlik, stress, depressiya, panik atak, ailədaxili münaqişələr və şəxsi inkişafla bağlı suallar yalnız professional dəstəyin köməyi ilə daha tez və sağlam şəkildə həll edilə bilər. Təəssüf ki, bu ehtiyacın mövcudluğuna baxmayaraq, cəmiyyətdə psixoloqa müraciət etməklə bağlı bir sıra stereotiplər və qorxular insanları bu addımı atmaqdan çəkindirir.
Birinci səbəb kimi ictimai damğalanma qorxusu göstərilə bilər. İnsanların əksəriyyəti hələ də psixoloqa getməyi “zəiflik” və ya “ağır ruhi xəstəlik” kimi qəbul edir. Bu yanlış yanaşma psixoloji dəstəyin təbii və faydalı bir proses olduğunu görməyə mane olur. Əslində psixoloqa getmək, idman zalına gedərək bədəni gücləndirmək kimi, sadəcə zehni sağlamlığı qorumaq və gücləndirmək məqsədi daşıyır.
Digər mühüm amil maliyyə və əlçatanlıq məsələsidir. Keyfiyyətli psixoloji dəstək bir çox hallarda ödənişli xidmət olduğundan, bəzi insanlar üçün bu proses maddi baxımdan çətinlik yaradır. Bundan əlavə, regionlarda psixoloq xidmətlərinin məhdudluğu da problemin dərinləşməsinə səbəb olur.
Mədəniyyət və ailə faktoru da nəzərəçarpacaq dərəcədə rol oynayır. Bir çox ailələrdə uşaqlara “dərdini başqasına demək olmaz”, “güclü olmalısan” kimi yanaşmalar aşılandığı üçün insanlar böyüdükcə daxili çətinliklərini paylaşmaqdan çəkinir, psixoloqa müraciət etməyi isə “gizlədiləcək addım” kimi görürlər.
Bununla yanaşı, bəzi şəxslərdə psixoloqa getməkdən bağlı yanlış təsəvvürlər də formalaşır. Məsələn, bəziləri düşünür ki, psixoloq dərman yazacaq və ya onları mühakimə edəcək. Halbuki psixoloqlar diaqnoz qoymaqdan çox, insanlara öz daxili resurslarını kəşf etməkdə, problemləri ilə üzləşməkdə və həll yollarını tapmaqda kömək edirlər.
Psixoloqa müraciət etməyin faydaları isə saymaqla bitmir. İnsan özünü daha yaxşı tanıyır, stres və gərginliyi idarə etməyi öyrənir, münasibətlərini sağlamlaşdırır, özgüvəni artır. Ən əsası isə, həyat keyfiyyəti yüksəlir.
Cəmiyyətdə psixoloji sağlamlığın önəminin qəbul edilməsi üçün maarifləndirici işlərin aparılması, məktəblərdə və universitetlərdə psixoloji xidmətlərin əlçatan olması, mediada bu mövzuya daha çox yer verilməsi vacibdir. İnsanlar anlamalıdır ki, psixoloqa getmək zəiflik deyil, əksinə, güclü və məsuliyyətli bir addımdır.
AzNews.az