Azərbaycanın ət idxalı azalıb: Daxili istehsal güclənir, xərclər optimallaşır

19 Avqust 2025 16:30 (UTC+04:00)

Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkəyə 25 min 180 ton ət idxal olunub. Bu həcmdə idxal olunan ətin ümumi dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər həm həcm, həm də dəyər baxımından azalma ilə müşahidə olunub. Belə ki, ət idxalı həcmi üzrə 5 min 542 ton və ya 18 faiz, dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları və ya 19,5 faiz azalıb. Hesabat dövründə ət idxalına sərf olunan vəsait ölkənin ümumi idxal xərclərinin cəmi 0,4 faizini təşkil edib ki, bu da məhsulun ümumi xarici ticarət portfelində böyük paya malik olmadığını göstərir.

Ət idxalının azalması bir neçə amillə əlaqədar ola bilər. İlk növbədə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına yönəlik dövlət proqramları və subsidiya siyasəti daxili istehsalın artırılmasına şərait yaradıb. Xüsusilə yerli heyvandarlığın gücləndirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi nəticəsində daxili bazarda təklif genişlənib. Bu isə idxal olunan məhsula olan tələbi nisbətən aşağı salıb. Digər tərəfdən, dünya bazarlarında baş verən qiymət dəyişiklikləri də ölkənin idxal göstəricilərinə təsir göstərən mühüm faktorlardan biridir. Ətin qiymətlərindəki dalğalanmalar və daşınma xərclərinin artması idxalın miqdarına və dəyərinə təsirsiz ötüşmür.

Bununla yanaşı, Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması strateji vəzifə kimi müəyyənləşdirilib və bu istiqamətdə atılan addımlar nəticəsində yerli məhsulların payı artmaqdadır. Ət idxalının azalması həm də daxili bazarda istehlakçıların yerli məhsullara marağının artdığını göstərir. Bu, həm keyfiyyətlə bağlı etimadın, həm də bazarda rəqabət qabiliyyətinin güclənməsinin göstəricisi kimi qiymətləndirilə bilər.

Ümumilikdə, idxal həcminin azalması Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində daha müstəqil mövqeyə sahib olmağa başladığını nümayiş etdirir. Ancaq bununla yanaşı, idxaldan tam imtina olunması real görünmür. Çünki bazarda müxtəlif keyfiyyət və çeşidlərin təmin edilməsi üçün xarici məhsullara da ehtiyac qalır. Nəticə etibarilə, idxalın azalması həm daxili istehsalın gücləndirilməsi, həm də ölkənin xarici iqtisadi balansının yaxşılaşdırılması baxımından müsbət tendensiya hesab edilə bilər.

AzNews.az