Həmidin çipi, Fuadın pioner qalstuku

7 Sentyabr 2013 10:27 (UTC+04:00)
Qan Turalı necə demişdi?
"Ay Həmid, vay Həmid..."


Ay sağ olun, düz tapdınız, söhbət Həmid Herisçidən gedir.

Deyir ki:

"– ...Nizami Gəncəvinin kəllə sümüyü 30-cu illərdə məşhur alim-paleontoloq Gerasimova verilib ki, o bunu tədqiq edərək şairimizin həqiqi simasını bərpa etsin... Bax bu kəllə sümüyü deyilənə görə
Azərbaycana qaytarılmayıb. Şairin canlı, həqiqi siması da ictimaiyyətdən gizlədilib...

– Niyə?
– Ola bilsin ki, dahi Nizaminin kəllə sümüyündə stimulyator, çip aşkarlanıbmış... Ola bilsin ki, məhz bu çip vasitəsiylə o vaxtkı sovet rəhbərliyi, Stalin yadplanetlilərlə əlaqə qurmağı bacarıb, nəticədə müharibədə dönüş yaradaraq qələbə əldə edib..."

Ay sağ olmuş, Nizaminin kəlləsinin Moskvaya aparılmasını nəylə isbat eləmək olar? Axı bunun heç bir elmi, yaxud tarixi dəlili yoxdur... Tutalım, lap aparılıb, bu çip söhbəti nədir? "Çip" sözünün belə mövcud olmadığı 30-cu illərdə "tapılan əşya"nın çip olduğu, üstəlik, yadplanetlilər tərəfindən Nizaminin kəllə sümüyünə yerləşdirildiyi necə müəyyən edilib? Yoldaş Stalin o çipin içindəki yazıları necə oxuyub? Bəlkə...

– Həmid, bağışla ki səni gecəynən narahat eləyirəm, mənim kompüterimin USB yeri xarabdır, olar noutbukunu sabah səhər bizim uşaqlarla mənə göndərəsən?

– Bu nə sözdü, yoldaş Stalin, noutbuku özüm tezdən sizə gətirərəm"
– Stalin qağan sənə quzu kəssin, sonuncu kitabını da göndərərsən, boş vaxtımda vərəqləyərəm...

– Mənim gözüm üstə. Başqa nə qulluq, qağa?
– Canının sağlığı......Ə, o köşə yazarları səndən nə istəyir, hə?! İstəyirsən Beriyaya deyim, bassın bu köpəy uşağının hamısını qoduqluğa?...

– Yox, qağa, sən bizim mətbuatda bir-birimizə daş atmağımıza fikir vermə, danışılmış oyundu, özümüz axşamlar "podval"da yığışıf yüz vura-vura camaata gülürük ki, gör söhbəti necə ciddiyə alırlar...

– Mırtlaşırsız demək,, hıy?
– Ə, bə nə... Hi-hi-hi...

Nizami Gəncəvi ilə bağlı bir əcaib-qəraib açıqlamanı da Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyevadan eşitdim. Təkcə mənə yox, çoxuna məlumdur ki, Nizami Gəncəvi məqbərəsində şeirlərin Azərbaycanca yazılması İranda narazılıqla qarşılanıb. Şairin illərdən bəri ucalan məqbərəsində divarları qaşıyıb orijinal beytləri azəri türkcəsinə kimin göstərişi ilə "tərcümə ediblər, – bilmirəm. Amma şərqşünas-deputat buna tam haqq qazandıraraq deyir: "Bu Azərbaycan xalqının müstəsna hüququdur və o öz hüququndan istifadə edib".

Gör a hüquq!
Tarixi saxtalaşdırmaya verilən yeni ad!
Təqsirkarı da Azərbaycan xalqıymış...

Sizi bilmirəm, mən hərdən bizim adlı-sanlı mütəxəssislərin savadına şübhə eləyirəm. Bu halda kimi...

Elə Fuad Muradov da həmkarı Gövhər Baxşəliyeva kimi nə danışdığının fərqində deyil. Deyir ki, ABŞ-ın keçmiş səfiri Kozlariç əvvəlcə səfir postunu yarımçıq qoyaraq tələsik getməsini xatırlasın". Sonra da uzun-uzadı bir nağıl danışır.

Riçard Kozlariçin Azərbaycandakı fəaliyyəti yaxşı yadımdadır. Fuad Muradovun isə o zamanlar heç adı məlum deyildi. Çünki bəhs etdiyi dövrdə hələ məktəbli çantasıyla dərsə gedirdi. İnanmırsınızsa, rəsmi tərcümeyi-halına baxın: "Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb..."

AzNews.az