Seçkiləri daha bir beynəlxalq komissiya müşahidə edəcək

7 Sentyabr 2013 10:23 (UTC+04:00)
MDB Parlamentlərarası Assambleyasının (PA) nümayəndə heyəti oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

MDB PA-nın saytında bildirilir ki, müşahidəçilər qrupunun koordinatoru vəzifəsinə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Slutski təyin edilib.

30 nəfərdən ibarət qrup seçkiləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti əsasında müşahidə edəcək. Onlar namizədlərin qeydiyyatı, seçkiqabağı fəaliyyəti, seçki komissiyalarının və müvafiq dövlət orqanlarının işini müşahidə edəcəklər.

Qeyd edək ki, MDB PA-nın uzunmüddətli müşahidəçiləri bu həftə Azərbaycanda olublar. Sentyabrın ortalarında qrupun koordinatoru L.Slutskinin Bakıya gələcəyi gözlənilir. Seçkilərin qısamüddətli müşahidəsini aparan MDB PA təmsilçiləri isə oktyabrın 10-da keçirəcəkləri mətbuat konfransında yekun rəylərini açıqlayacaqlar.(apa)

AzNews.az