Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək.
Bunu Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva deyib.
Onun sözlərinə görə, QHT-lərin layihə təkliflərini hazırlaması üçün onlara 2 ay vaxt veriləcək:
"Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. 7 əsas mövzu istiqaməti veriləcək. Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”.
O xatırladıb ki, bu ilin aprel ayında Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib. İlk dəfə Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma qurub:
“Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirməkdədir. Çox şadıq ki, Azərbaycan QHT-ləri artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də 2026-cı il üzrə qrant müsabiqələri elanında beynəlxalq əməkdaşlıq üçün stimullaşdırıcı addımlar atıb”.
Ülviyyə Qarayeva qeyd edib ki, bu dəfə də QHT-lər əsas mövzulardan kənar - aktual hesab etdikləri milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda da layihə təklifi ilə çıxış etməkdə sərbəst olacaq.
Report