Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə qədəm qoyub - DEPUTAT

21 Avqust 2025 13:03 (UTC+04:00)

Son illər ölkəmizdə hüquq-mühafizə orqanlarında, xüsusilə də Hərbi Prokurorluq sistemində həyata keçirilən islahatlar Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda atdığı mühüm və məqsədyönlü addımlar sırasında xüsusi yer tutur. Müasir dövrün tələblərinə uyğun şəkildə aparılan bu islahatlar yalnız qanunvericilik bazasının təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və ədalətli əsaslar üzərində qurulmasına xidmət edir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, hərbi sahədə qanunun aliliyinin təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, xidmət mühitində intizam və məsuliyyətin artırılması bu islahatların əsas istiqamətlərindəndir:

“Aktiv idarəçilik, operativ reaksiya və ictimai nəzarət prinsiplərinə əsaslanan bu yanaşma nəticəsində Hərbi Prokurorluğun fəaliyyəti yeni mərhələyə qədəm qoyub. Artıq bu qurum təkcə nəzarətedici yox, həm də maarifləndirici və cəmiyyətlə dialoq qura bilən müasir bir hüquqi institut kimi çıxış edir”.

Deputat bildirib ki, bu islahatların məntiqi davamı olaraq Hərbi Prokurorluq daha bir mühüm yeniliyə imza ataraq “962” Etimad xətti istifadəyə verilib:

“Bu layihə təkcə texniki bir yenilik deyil, eyni zamanda dövlətin insanlara verdiyi dəyərin, açıq hökumət və şəffaf idarəçilik prinsipinə sadiqliyinin bariz göstəricisidir. Artıq hərbi qulluqçular və onların ailə üzvləri, eləcə də bu sahədə baş verən neqativ hallarla üzləşən vətəndaşlar öz narahatlıqlarını, hüquq pozuntuları ilə bağlı məlumatlarını birbaşa və maneəsiz şəkildə aidiyyəti orqanlara çatdıra biləcəklər. “962” Etimad xətti günün 24 saatı fasiləsiz olaraq fəaliyyət göstərir, hər bir zəng səs yazısı şəklində qeydə alınır və operativ araşdırılır. Ən önəmlisi isə odur ki, bu xidmət həm mobil, həm də stasionar telefon vasitəsilə ölkənin istənilən nöqtəsindən tamamilə ödənişsiz şəkildə əlçatandır. Bu isə o deməkdir ki, artıq nə məsafə, nə də texniki məhdudiyyətlər ədalətə aparan yolun qarşısında maneə deyil”.

“Bu yenilik fonunda qeyd etmək lazımdır ki, Hərbi Prokurorluğun həyata keçirdiyi genişmiqyaslı islahatlar konkret nəticələr də verməkdədir. Son illər ərzində hərbi cinayətlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Bu göstərici həm profilaktik tədbirlərin gücləndirilməsinin, həm də qanunsuzluqlara qarşı sərt və prinsipial mövqenin nəticəsidir. Eyni zamanda, ictimai nəzarət mexanizmlərinin tətbiqi, şəffaflıq və hesabatlılıq prinsiplərinin ön plana çəkilməsi hərbi qulluqçular arasında hüquqi şüurun və məsuliyyət hissinin artmasına səbəb olmuşdur.

Artıq bu gün biz əminliklə deyə bilərik ki, Hərbi Prokurorluq təkcə qanunların keşiyində duran bir qurum deyil, həm də ədalətin, vicdanın, cəmiyyətlə qarşılıqlı hörmət və güvənin təminatçısıdır”, - S.Salmanova əlavə edib.

AzNews.az