Dövlət İmtahan Mərkəzinin ixtisas seçiminin nəticələrinin açıqlanmasını gecikdirməsi abituriyentlərin və valideynlərin haqlı narazılığına səbəb olub. Bununla bağlı AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı DİM-i təndiq edib və cəmiyyətə inandırıcı izahat verilməsini tələb edib. Taleh Şahsuvarlı bildirib:
"Ötən il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatmışdı. / Mənbə: AzərTAC
Ötən il ixtisas seçiminin nəticələri 22 avqust axşam saatlarında elan olunmuşdu. / Mənbə: Musavat com.
Bu il ixtisas seçimi 19 avqust 23:59-da başa çatıb.
İxtisas seçimi elektron qaydada aparılır, heç bir kağız daşıyıcıdan istifadə olunmur, DİM-in kompüter sistemi xüsusi proqram əsasında yerləşdirmə edir və nəticələr açıqlanır. Bu o deməkdir ki, nəticələr uzağı sabah günün sonunda elan olunmalı idi. Amma Dövlət İmtahan Mərkəzi açıqlama verib ki, guya nəticələrin elan olunması üçün əlavə vaxt aparan nələrsə var, ona görə də abituriyentlər qəbul olunduqları və ya olunmadıqları barədə gələn həftə məlumat alacaq.
Mən də buradan soruşuram: vaxt aparan nədir elə? Əgər DİM-in elektron sistemində problem varsa, bu problemi indiyə qədər niyə həll etmirdiniz? Elektron sistemlə aparılan ixtisas seçimi və tələbə yerləşdirməsində başqa nə problem ola bilər ki, onun həllinə əlavə vaxt lazımdır? 86 mindən çox ailə səbirsizliklə bu nəticələri gözləyir. Bu nə məsuliyyətsizlik, bu nə sayğısızlıqdır?
DİM təcili ixtisas seçiminin nəticilərinin elan olunmasının niyə gecikməsi ilə bağlı ictimaiyyətə aydın cavab verməlidir".
AzNews.az