Azərbaycanda daşınmaz əmlaka əsaslanan fondların yaradılması investorların ölkəyə marağını artıra bilər.
Bunu "Bakı Fond Birjası" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov bildirib.
Onun sözlərinə görə, kollektiv investisiya sxemləri, xüsusilə də investisiya fondları kapital bazarlarının inkişafında mühüm rol oynayır: “Bu fondlar fərdi investorların vəsaitlərini bir araya gətirərək onları peşəkar idarəçilər vasitəsilə müxtəlif aktivlərə yönəldir ki, nəticədə bazarda şəffaflıq və diversifikasiya təmin olunur. Bununla yanaşı, investorlar emosional qərarlar vermək riskindən də qorunurlar. Türkiyə, Pakistan və Qazaxıstan kimi ölkələrin təcrübəsi göstərir ki, investisiya fondları kapitalın istiqrazlara, səhmlərə, əmtəələrə, daşınmaz əmlaka və digər aktivlərə yönləndirilməsində mühüm mexanizm kimi çıxış edir”.
BFB rəsmisinin sözlərinə görə, ölkədə ən üstünlük verilən investisiya vasitəsi daşınmaz əmlakdır: “Əgər daşınmaz əmlaka əsaslanan birjada ticarət olunan fondlar yaradılarsa, bu, kiçik məbləğlərlə daşınmaz əmlaka sərmayə qoymaq istəyən investorların marağını artıracaq. Belə halda investorlar həm icarə gəlirlərindən formalaşan dividendlərdən, həm də qiymət artımından yaranan əlavə dəyərdən faydalana bilərlər. Bundan başqa, bu cür fondlar bazarda konsentrasiya riskini də azaldır”.
AzNews.az