İdman yalnız güc nümayişi deyil, həm də xarakterin, dözümlülüyün və iradənin aynasıdır. Bunu bir daha sübut edənlərdən biri də cəmi 7 yaşlı Banu Cumayeva oldu.
“SPORT MASTER İdman Klubu”nun təşkil etdiyi karate turnirində yüzlərlə idmançının arasında Banu öz döyüş ruhu və inadkarlığı ilə seçildi. 25 kq çəki dərəcəsində çıxış edən bu balaca idmançı tatamiyə çıxanda hamı sadəcə bir uşaq görürdü. Amma görüşlər başladıqca hər kəs onun içindəki böyük əzmi hiss etdi. Döyüşdən döyüşə irəliləyən Banu, nəhayət, qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Bu uğurun arxasında isə güclü bir komanda işi dayanır. Azərbaycanın Əməkdar məşqçisi, 3-cü dan qara kəmər sahibi Rəşidə Rəşidovanın rəhbərliyi ilə hazırlanan Banu bu qələbə ilə həm özünü, həm də müəllimini sevindirdi. Ən əsası isə, onun nailiyyəti bütün balaca karateçilərə “bacararam” inamını aşıladı.
Banu Cumayeva bu qələbəsi ilə bir daha sübut etdi: uğur yaşa baxmır. Əsas olan çalışmaqdı, inadkarlıqdı və özünəinam. Onun qələbəsi təkcə bir medal deyil, həm yaşıdlarına, həm valideynlərə, həm də bütün gənclərə ünvanlanan bir mesajdır: “İstəsən, bacararsan!”
AzNews.az