Milli Şuranın London səfərinə üç nəfər qatılacaq

7 Sentyabr 2013 16:28 (UTC+04:00)
Milli Şuranın nümayəndə heyəti gələn həftə Böyük Britaniyaya səfər edəcək.

"Turan"a müsahibə verən şura sədrinin London təmsilçisi Murad Həsənli deyib ki, səfər qurumun beynəlxalq kampaniyasının tərkib hissəsidir: "Kampaniya çərçivəsində ABŞ, Almaniya və Belçikaya səfərlər olub. Azərbaycan diasporunun mühüm hissəsi Milli Şuranı dəstəkləyir və biz Avropada, ABŞ-da bir çox Azərbaycan təşkilatları ilə əməkdaşlıq edirik. O cümlədən Londondakı Azərbaycan Demokratik Assosiasiyası Milli Şuranın nümayəndə heyətinə səfərin təşkilində kömək edir.

Səfərdə məqsəd vahid namizədimiz Cəmil Həsənlinin Britaniya siyasi və ictimai dairələrində təqdim edilməsi, Azərbaycandakı vəziyyət, qarşıdan gələn prezident seçkisi barədə məlumat vermək, Milli Şuranın siyasi proqramını müzakirə etməkdir. Britaniya Azərbaycanın vacib tərəfdaşıdır və Milli Şura ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsini alqışlayır. Hesab edirik ki, bu münasibətlərin uzunmüddətli sabitliyi Azərbaycanda demokratik hüquqi sistemin bərqərar olmasından asılıdır.

Səfər sentyabrın 12-13-də olacaq. Proqrama Britaniya Xarici İşlər Nazirliyində, Beynəlxalq İşlər üzrə Kral İnstitutunda görüşlər daxildir. Britaniya QHT-ləri və vətəndaş cəmiyyəti təmsilçiləri, parlament üzvləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə görüş, ölkənin aparıcı media quruluşlarına müsahibələr də nəzərdə tutulur. Londona Cəmil Həsənli, Milli Şura sədri Rüstəm İbrahimbəyov, İcra Aparatının rəhbəri Eldar Namazov gələcək".

AzNews.az