"Ruhi-qüds oldu Nəsimi, cismini tərh еylədi,
Gövhəri-fərd oldu düşdü vəhdətin dəryasinə"- Ozanlar piri İmadəddin Nəsimi
Nəsiminin məzarının Azərbaycana gətirilməsinə etiraz edən düşüncə natamamdır, yaddır, ziyanlıdır.
Əvvəla, Nəsimi Azərbaycan oğludur. Vətəndə dəfn olunmaq hər bir Azərbaycan övladının haqqıdır. Nəsiminin bu haqqına sahib çıxmaq da hər bir Azərbaycanlının mənəvi borcudur. Onun Suriyada və işgəncələr altında öldürülməsi dövrünün tarixi-siyasi şəraitinin nəticəsidir. Nəsimi Hələbdə cani kimi öldürülüb, cani kimi məzara gömülüb. Edamından sonra göstərilən bütün sayğıya, Ələvi-Bektaşi təsəvvüfündə 7 dədə ozandan birincisi hesab edilməsinə rəğmən, Nəsimi o məzarda hələ də məhkumdur. Şərq poeziyasının ən qüdrətli isimlərindən birinin məzarını vətəninə gətirməklə o məhkumiyyətə son veririk. Buna heç kim etiraz etməməlidir, edə də bilməz.
İkincisi, Nəsimi ilə Füzulinin məzar məsələsi arasında kəskin bir fərq var. Füzuli öz məzar yerini özü seçib, vəsiyyətinə uyğun olaraq Kərbəlada İmam Hüseyn məqbərəsində dəfn olunub. Nəsiminin aqibəti isə, yuxarıda dediyimiz kimi, fərqlidir. Bununla belə, Füzulinin məzarı baxımsız saxlanılarsa, yaxud itməsinə hər hansı ciddi səbəb üzə çıxarsa, Azərbaycan Respublikası da onun da qəbrini ölkəmizə gətirməyə borcludur.
Üçüncüsü, Nəsiminin məzarı ilə bağlı tarixi ədalətin bərpası Azərbaycanın milli kimlik məsələsidir. Nəsimi bizdəndir, biz Nəsimidənik. Nizami kimi Nəsiminin də məzarı Azərbaycan xalqının mənəvi simvolu, mədəniyyət abidəsi olacaq. Nəsiminin məzarının köçürülməsi Azərbaycanın mədəni diplomatiyasının həm zəfəri, həm də güclənməsi deməkdir.
Dördüncüsü, məzarın köçürülməsinə dini amillərlə etiraz etmək anlaşılan deyil. Peyğəmbərlərin yaxın əshabələrindən, islamı ilk qəbul edənlərdən nə qədər adamın məzarı köçürülüb. Bu, yumşaq desək, arqument belə deyil!
Beşincisi, Nəsiminin irsinin öyrənilib-öyrənilməməsinin, Azərbaycanda adının əbədiləşdirilməsinin (rayon adı, küçələr, metro adı və s.) bu məsələyə birbaşa heç bir dəxli yoxdur. Qəbrin köçürülməsi ilk növbədə fiziki hadisədir, Nəsiminin irsinin tədqiqi və təbliği isə intellektual məsələdir. Bu iki fərqli məsələ dövlətin "tarixi yaddaş" siyasətində birləşir. Nəsiminin qalıqlarının ölkəyə gətirilməsi tarixi yaddaşa xidmətdir.
Altıncısı, Nəsimi bəşəri fiqurdur, həm islam dünyası, həm də bəşəriyyət üçün klassika yaratmış şəxsiyyətdir. İki dünyaya sığmayan, laməkan, "mənəm haqq" şüarı ilə yaşamış nəhəngdir. Bu arqumentlərə sığınıb onun məzarının Azərbaycana gətirilməsinə etiraz etmək də dar düşüncənin məhsuludur. Nəsimi Azərbaycanda uyuyanda onun ideyaları bəşəriyyətə daha çox töhfə verəcək. Bunu dərk eləmək lazım!
Yeddincisi, Nəsiminin məzarının köçürülməsi diplomatik məsələdir. Dövlətimiz bunu bacaracaqsa, əla. Təkliflərimiz, təsirlərimiz reallaşmayacaqsa, reallaşana qədər mübarizə aparmalıyıq. Bu məsələ dövlətimizin məsələsidir və hər məsələdə olduğu kimi, yenə dövlətimizin və Prezidentimizin yanında olmalıyıq.
Taleh ŞAHSUVARLI