“Müharibə birlikdə yaşaya bilməməyin təzahürüdür“

8 Sentyabr 2013 07:50 (UTC+04:00)
Vatikanda Roma Papasının Suriyada sülhə həsr etdiyi ibadəti baş tutub.

Əvvəlcədən tədbirin siyasi deyil, dini xarakter daşıdığı bəyan edilmişdi. Buna baxmayaraq kütlə içində Suriyanın bayraqları və antimüharibə şüarları yazılmış plakatlar görünüb.

Roma-Katolik kilsəsinin başçısı Fransiskonun Suriya konfliktinin sülh yolu ilə həllinə həsr etdiyi ibadətini 100 mindən çox insan izləyib.

ABŞ 1 sentyabrda Suriyada hərbi əməliyyatlar keçirəcəyini bəyan etdikdən sonra Fransisko bütün dünyanı bir günlük oruc və ibadətə çağırmışdı. Onun bu çağırışına nəinki sadə keşişlər, eləcə də Venesuela və Boliviya kimi katolik ölkələrin liderləri səs vermişdi.

Fransisko 5 saat sürmüş ibadəti zamanı, "Bu axşam mən Allahdan xahiş edirəm ki, xaçpərəstlər və digər din qardaş və bacılarımız, eləcə də hər xeyirxah insan var gücü ilə qışqırsın: təcavüz və müharibə heç vaxt dünyada olmasın. Müharibə birlikdə yaşaya bilməməyin təzahürüdür. bu da insanlığın məhvi deməkdir." — deyərək öz təəssüfünü bildirmişdi.

Barak Obama Suriyaya qarşı əməliyyatın keçirilməsi üçün konqresin razılığını almağa nail olmaq niyyətindədir. Amerika kəşfiyyatçılarının məlumatına görə, 21 avqust hadisələrində Suriyada 1,4 mindən çox insan həlak olub.

Suriya hakimiyyəti dəfələrlə bəyan edib ki, kimyəvi silah tətbiq etməyiblər.

AzNews.az