“Azərbaycan–Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib” - Hikmət Babaoğlu

1 Sentyabr 2025 18:26 (UTC+04:00)

“Azərbaycan–Çin münasibətləri dinamik inkişaf edən, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə söykənən və hər iki ölkənin maraqlarına xidmət edən əlaqələrdir. Çin bu gün həm coğrafi mövqeyinə, həm də iqtisadi göstəricilərinə görə dünya siyasətinin mərkəzində duran ölkələrdən biridir. O, böyük istehsal potensialına malikdir və məhsullarının qlobal bazarlara çıxışı üçün Azərbaycanın yerləşdiyi regiona ehtiyac duyur. Azərbaycan isə bu imkanları düzgün qiymətləndirən və onların reallaşması üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən bir dövlətdir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfər edib. Avqustun 31-də səfər çərçivəsində dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Deputat qeyd edib ki, hazırkı tarixi mərhələdə Azərbaycan–Çin münasibətləri daha da cəlbedici xarakter daşıyır.

“Təsadüfi deyil ki, bir müddət əvvəl iki ölkə arasında strateji tərəfdaşlıq haqqında razılaşma əldə olunub və bu gün biz həmin əməkdaşlığın dərinləşməsinin şahidi oluruq. Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının növbəti toplantısında iştirak etmək üçün Çinə səfər edib. Qeyd edək ki, bu təşkilat dünya əhalisinin 60 faizindən çoxunu birləşdirir və qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biridir. Azərbaycan hər zaman Çinlə dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməklə yaxın tərəfdaşlıq nümayiş etdirir. Bu mənada Prezidentin Çinə səfəri əməkdaşlığın gələcək inkişafı və daha da dərinləşdirilməsi üçün mühüm perspektivlər açır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az