Zelenski qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin uzun illər ərzində Donbası tam işğal etməyə çalışsa da, buna nail ola bilməyib:
“Putin 4 il ərzində Donbasın 30%-ni belə işğal edə bilməyib. Ona Donbası hədiyyə etməyəcəyəm. Ukrayna ordusu Donbası tərk etsə, Putinin davam etməyəcəyinə kim zəmanət verə bilər? Heç kim!”
Ukrayna lideri əlavə edib ki, Kreml müharibədə yalnız hərbi əməliyyatlara deyil, həm də sərt qış şərtlərinə bel bağlayır:
“Putin ümid edir ki, Rusiya qoşunlarının çata bilmədiyi ərazilərdə qışın soyuğu Ukrayna xalqını öldürəcək.”
Hazırkı vəziyyət göstərir ki, Ukraynanın müharibədə müqavimət gücü təkcə daxili resurslardan deyil, həm də Qərbdən aldığı hərbi və maliyyə dəstəyindən asılıdır. ABŞ, Avropa İttifaqı və NATO ölkələri tərəfindən verilən hava hücumundan müdafiə sistemləri, zirehli texnika və raketlər Donbas cəbhəsində Ukrayna ordusunun mövqelərini gücləndirib. Lakin ekspertlər hesab edir ki, bu yardım davam etməsə, Ukraynanın işğala qarşı uzunmüddətli müqavimət göstərməsi çətinləşə bilər.
Buna baxmayaraq, Zelenskinin bəyanatı həm ordunun döyüş ruhunu artırmaq, həm də Qərbi dəstəyin davam etdirilməsinə sövq etmək məqsədi daşıyır. Ukrayna lideri mesaj verir ki, Donbas təkcə Kiyevin deyil, həm də Avropanın təhlükəsizliyi üçün önəmli bir bölgədir.
AzNews.az