“Məişət zorakılığı təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada cəmiyyətin ən ciddi problemlərindən birinə çevrilib. Hər gün mediada və sosial şəbəkələrdə qadınlara, uşaqlara və hətta kişilərə qarşı zorakılıq halları ilə bağlı məlumatlara rast gəlirik. Bu da bir daha göstərir ki, zorakılıq yalnız bir qrupa aid məsələ deyil, istənilən insan onun həm qurbanı, həm də səbəbkarı ola bilər. Zorakılıq halları, əsasən, ən yaxın insanlar tərəfindən törədilir. Biz adətən zorakılığa məruz qalanlardan danışırıq, lakin artıq zorakılıq törədənlərə qarşı mübarizəni gücləndirmək zərurəti yaranıb. Çünki zərərçəkənlərlə aparılan reabilitasiya işləri onların daha zəif və məzlum insan kimi görünməsinə səbəb olur. Halbuki zorakılıq güclünün zəif üzərində üstünlüyü kimi dəyərləndirilməlidir. Zorakılığın müxtəlif formaları mövcuddur: fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.
Xatırladaq ki, zorakılıq cəmiyyətin ən ciddi problemlərindən biridir. O, yalnız fiziki deyil, həm də psixoloji zərər vurur. Statistikalar göstərir ki, çox hallarda qadınlar qurban, kişilər isə zorakılıq törədən olur. 2025-ci ilin ilk 7 ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 302 müraciət daxil olub, onlardan 35-i qadınların zorakılıq törətməsi ilə bağlıdır. Bu fakt sübut edir ki, zorakılıq yalnız bir cinsin problemi deyil – hər kəs həm qurban, həm də səbəbkar ola bilər.
Sosioloqun sözlərinə görə, bu gün ən çox rast gəlinən zorakılıq növləri fiziki və psixoloji zorakılıqdır.
“Bəzi hallarda cinsi zorakılıq da müşahidə olunur və bu, xüsusilə azyaşlılara qarşı daha çox baş verir. Sosial şəbəkələrdə və mediada rast gəlinən hadisələr bunu təsdiqləyir. Burada cəmiyyətin rolu da böyükdür. Cəmiyyətdə baş verən hadisələr birbaşa insanlar üzərində təsir göstərir. Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin üzvləri olaraq maarifləndirmə işləri aparılır. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər dövlət qurumları və Daxili İşlər Nazirliyi bu hallara qarşı mübarizə aparır. Qanunvericilik də zərərçəkənlərin hüquqlarını müdafiə etməyə imkan yaradır. Lakin bütün bu tədbirlərə baxmayaraq, zorakılıq halları hələ də davam edir. Bu, bəzən sosial və ya iqtisadi səbəblərlə izah olunsa da, son müşahidələr göstərir ki, sosial şəbəkələrin də məişət zorakılığının artmasında xüsusi rolu var”.
Sosioloq əlavə edib ki, uşaqlar cəmiyyətin ən həssas təbəqəsini təşkil edir:
“Onlara qarşı zorakılıq sosial və ya iqtisadi səbəblərdən çox, ailə daxilindəki aqressiya nəticəsində baş verir. Təəssüf ki, zorakılıq çox vaxt uşaqların və qadınların ən yaxınları – valideynləri, qohumları və ya ailəyə yaxın şəxslər tərəfindən törədilir. Ən böyük problemlərdən biri isə odur ki, zərərçəkənlər çox vaxt zorakılıq törədəni bağışlayırlar. Bu isə hüquqi cəza tədbirlərinin tətbiqini çətinləşdirir. Agresor bağışlandıqda, o, yenidən zorakılıq törətməyə meyilli olur və bunu normal davranış kimi qəbul edir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az