“Azərbaycanda sosial media hələ yüksək səviyyədə deyil, açıq desək, bu sahədə inkişaf istənilən səviyyədə deyil. Bəzi gənclər oradan özləri üçün səmərəli istifadə edirlər və bundan yan keçmək mümkün deyil, çünki biz 21-ci əsrdə yaşayıb texnika dövründəyik. Sevindirici haldır ki, gənclərimiz artıq ötən illərdəki kimi deyil; indi müasir standartlara uyğun, dünya ilə tez ayaqlaşa bilən, informasiyanı tez əldə edə bilən gənclərdir. Bəzən auditoriyalarda, siniflərdə hətta müəllimlərini belə qabaqlaya bilən, yəni müəyyən informasiyaları, bilikləri almaq qabiliyyətində olan gənclərimiz var. Amma eyni zamanda bunun tam əksi olanlar da mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, müasir dövrdə uşaqlar və gənclər həyatlarının böyük hissəsini rəqəmsal texnologiyalar və sosial media ilə keçirirlər. Bu, təhsil prosesinə, öyrənmə motivasiyasına və psixoloji sağlamlığa müxtəlif təsirlər göstərir. Təhsil ekspertlərinin fikrincə, rəqəmsal mühit həm imkanlar yaradır, həm də müəyyən risklər daşıyır. Bu səbəbdən onun düzgün idarə olunması uşaq və gənclərin sağlam inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
Ekspert bildirib ki, sosial media istifadəçiləri, xüsusilə gənclər arasında, bəzən əsasən əyləncə məqsədilə istifadə olunur.
“Bu, ən çox TikTokda baş verir və müəyyən aludəçilik yaranır ki, bu da gənclər üçün müəyyən problemə çevriləcək. Onlar özlərini yenilikdən kənarda saxlayır, elmdən uzaqlaşırlar. Bu məsələlərdə onlarla ayaqlaşa bilməyəcəklər; elm və texnika ilə əlaqəli sahələrdə geri qalacaqlar. Sadəcə gündəlik əyləncə və maraqlar onları sosial mediaya yönəldir, informasiyanı artırmaq və bacarıqlarını inkişaf etdirmək istiqamətində kifayət qədər istifadə etmir. Sosial medianın öyrənilməsi Azərbaycanda hələ kifayət qədər inkişaf etməyib, buna görə də gənclərdən bu sahədən faydalanıb marifləndirməsini təmin etmək lazımdır. Düzdür, bu istiqamətdə çox gənc var, amma eyni zamanda tələbələr arasında yalnız gündəlik əyləncə üçün sosial medianı istifadə edənlər də mövcuddur. Digər tərəfdən, elə tələbələr də var ki, onlar sosial şəbəkəni və interneti müasir dövrün tələblərinə uyğun şəkildə istifadə edir, bilik və bacarıqlarını artırır, gündəlik siyasi həyatı izləyir. Amma tam əks olanlar da mövcuddur. Qaldı ki, universitetlərdə, ali məktəblərdə və məktəblərdə rəqəmsal texnologiyalardan istifadənin düzgün idarə olunmasına, təəssüf ki, gənc nəsil demək olar ki, hazırlıqlı deyil. Elm sahəsinə yönəlmək istəyən gənclərin sayı azdır, onlar üçün çoxlu maneələr və əngəllər var. Ancaq müəyyən texniki sahələrə aid fakültələr və ixtisaslarda müəyyən qədər mütəxəssislər yetişdirilir. Məktəblərdə də yeni nəsil bu işdə bir qədər hazırlıqlıdır, amma 50 yaş üzərində olan müəllimlər texnologiyadan çətin istifadə edir. Sertifikasiya imtahanlarında da bu açıq görünür – texnologiyaya alışmayan müəllimlər bacarıqlarını tətbiq etməkdə çətinlik çəkirlər. Beləliklə, texnologiyaya uyğun hazırlıq həm gənclər, həm də müəllimlər üçün vacibdir və rəqəmsal texnologiyaların təhsildə səmərəli istifadəsi bu hazırlığın səviyyəsindən asılıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az