“Ümumiyyətlə, Azərbaycanda son zamanlar müşahidə olunan demoqrafik göstəricilər hamımızı narahat etməlidir. Çünki biz də bu ölkənin vətəndaşlarıyıq və cəmiyyətdə baş verən neqativ hadisələr hər birimizi düşündürməlidir. Xatırlayırsınızsa, 2023-cü ildə Azərbaycan cinsi seçimə görə – selektiv abort hallarına görə dünyada ilk yerdə qərarlaşdı. Halbuki 2021-ci ildə bu sırada Çin ön planda idi. Bu, olduqca mənfi göstəricidir. Uşağın cinsinə görə ayrı-seçkilik ailədən başlayır. Məsələn, ailədə ilk uşaq qız ola bilər, lakin sonrakı hamiləliklərdə yenidən qız uşağının dünyaya gəlməsi valideynlərdə narazılıq yaradır. Elə bil ki, dünyaya insan yox, dəyərsiz bir varlıq gətirilirmiş kimi yanaşılır. Bu isə yanlış düşüncədir. Bu prosesdə müəyyən qədər həkimlərin də rolu var. Vicdanlı həkimlər valideynləri maarifləndirməyə, uşağın cinsinə görə seçilməsinin doğru olmadığını izah etməyə çalışırlar. Amma bəzi yerlərdə, xüsusilə kəndlərdə, hələ də qız uşağının doğulması faciə kimi qəbul olunur. Halbuki dünyaya hər bir uşaq Allahın verdiyi paydır və dəyər kimi qəbul edilməlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib.
Qeyd edək ki, Azərbaycanda demoqrafik göstəricilər narahatlıq doğur. Fertillik əmsalının 5,9-dan 1,4-ə enməsi və selektiv abortların artması cins balansının pozulmasına səbəb olub. 2023-cü ildə ölkə bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşmışdı. Mütəxəssislər proqnozlaşdırır ki, 2035–2040-cı illərdə əhalinin yaş və cins tərkibi kəskin dəyişəcək.
Sosioloq bildirib ki, bəzi ailələr üçün övlad sahibi olmaq artıq ciddi problemə çevrilib.
“Sonsuzluq səbəbindən mübahisələr, hətta boşanmalar yaşanır. Belə hallarda uşaqları övladlığa götürən ailələr də var ki, bu addım çox böyük ürək və fədakarlıq tələb edir. Amma təəssüf ki, bir çox insan övladının cinsinə görə aborta üstünlük verir və uşağı ana bətnindəcə məhv edir. Əslində, dini baxımdan bu günah sayılır. Hüquqi müstəvidə isə məsələ daha sərt nəzarətə götürülməlidir. İnzibati cəzaların yetərsiz olduğu artıq görünür. Ona görə də hüquqi aktlar və konkret cəza mexanizmləri ilə selektiv abortların qarşısı alınmalıdır. Burada həkimlərin məsuliyyəti böyükdür. Çünki onlar hamilə qadınla ünsiyyət zamanı həm abortun qadının sağlamlığına, həm də bir insan həyatının itirilməsinə gətirib çıxardığını izah etməlidirlər. Selektiv abortların fəsadları da qaçılmazdır. Əgər bu gün uşaqlar cinsinə görə seçilərək məhv edilirsə, gələcəkdə oğlan və qız uşaqlarının sayında ciddi disbalans yaranacaq. Bu isə nəinki nəsil artımına, həm də cəmiyyətin sosial və iqtisadi sabitliyinə mənfi təsir göstərəcək”.
Sosioloq əlavə edib ki, gender balansının pozulması yalnız fərdlərə deyil, bütövlükdə ölkənin inkişafına da mənfi təsir göstərəcək:
“Azərbaycanın özünəməxsus ailə institutunda uşaqlar ailənin əsas üzvlərindən sayılır. Amma gələcəkdə qız uşaqlarının azalması ailə qurmaq istəyən gənclərin sayına da təsir edəcək, nəticədə ailələrin sayı azalacaq, cəmiyyətdə tarazlıq pozulacaq. Bütün bunları nəzərə alaraq, düşünürəm ki, məsələ hüquqi müstəvidə həllini tapmalı, selektiv abortların qarşısını almaq üçün xüsusi mexanizmlər hazırlanmalıdır. Mən bir Azərbaycan vətəndaşı, ana və nənə olaraq bu problemi dərindən hiss edirəm. Çünki bu gün bu hadisələr gələcək nəslin sağlamlığına, ölkənin sabitliyinə ciddi təhdid yaradır. Əlbəttə, heç kəsi müəyyən sayda övlad sahibi olmağa məcbur etmək olmaz. Bu, ailənin öz qərarıdır. Amma uşaqlar arasında cinsə görə seçim edib, onları ana bətnində öldürmək ən böyük cinayətdir və bu cinayətin mütləq hüquqi cavabı olmalıdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az