“İsrailin Ankaraya qarşı hərbi addım atmaq ehtimalı əvvəllər yalnız fərziyyə səviyyəsində müzakirə edilirdi. Lakin son dövrlərdə bu riskin yaxınlaşdığı və təhlükənin artdığı reallığı görünür. Bunun bir sıra səbəbləri var. İsrail Yaxın Şərqdə həyata keçirmək istədiyi strateji hədəflərə çatmaq üçün güc və qüvvə nümayiş etdirmək niyyətindədir. Bu məqsədə çatmaq üçün isə önündə ciddi bir əngəl dayanır. Əvvəllər İranın hədəfə alınması zamanı İsrail, ABŞ və digər koalisiya qüvvələrinin dəstəyi olmadan hərəkət edə bilmirdi. Lakin indiki vəziyyətdə ABŞ, Böyük Britaniya və digər tərəfdaşlarının dəstəyi ilə İsrail müəyyən hərbi əməliyyatları həyata keçirə biləcəyini göstərmiş oldu”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, İsrailin Yaxın Şərqdə strateji hədəflərə yönələn hərbi addımları regional gərginliyi artırır. Xüsusilə Türkiyə NATO daxilində mühüm mövqedə olduğundan, hər hansı hərbi addım ciddi risklər daşıyır.
Siyasi şərhçi bildirib ki, Türkiyə bu vəziyyətdə fərqli mövqedədir.
“Türkiyə, İsrailin yaxın müttəfiqləri ilə birlikdə NATO kimi mühüm beynəlxalq hərbi təşkilatın üzvüdür. Bu səbəbdən, əgər İsrail Türkiyəyə zərbə endirmək və ya belə bir plan qurmaq istəsə, ABŞ və Böyük Britaniyanın İsrailə dəstək verib-verməyəcəyi sual altındadır. Hər nə qədər İsrailin hərbi texnologiyası inkişaf etmiş olsa da, Türkiyə ilə açıq müharibədə qalib gəlmək ehtimalı demək olar ki, sıfıra bərabərdir. Burada tarixi və milli amillər, canlı qüvvə və texniki resurslar, həmçinin regional reallıqlar rol oynayır. Buna görə də İsrailin Türkiyəyə qarşı hərbi əməliyyat həyata keçirməsi onun öz milli təhlükəsizliyi üçün ciddi risklər doğura bilər. Buna baxmayaraq, İsrail strateji hədəflərinə çatmaq üçün əvvəl-axır Türkiyəyə qarşı addımlar atmaq məcburiyyətində qalacaq. Türkiyə diplomatik yolla, xahiş və ya tələb formasında bölgənin İsrailin istədiyi şəkildə formalaşmasına icazə verməyəcək. Belə bir halda İsrail yalnız hərbi güc tətbiq edərək öz planlarını reallaşdıra bilər ki, bu da yuxarıda sadalanan bütün nüansları gündəmə gətirir. Bu səbəbdən İsrailin hərəkətləri sürətləndikcə, Türkiyənin hər hansı formada İsrailə qarşı hərbi və ya strateji reaksiyaya başlama ehtimalı da artır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az