Qazaxıstanın Almatı şəhərində keçirilən CANSO-nun Avropa və Asiya regionu üzrə sammitində Azərbaycanın təmsil olunması ölkəmizin mülki aviasiya sahəsində regionaldan qlobal səviyyəyə yüksələn rolunun bariz göstəricisidir. AZANS nümayəndə heyətinin müzakirələrdə iştirak etməsi həm regional təhlükəsizlik, həm də beynəlxalq hava nəqliyyatı sisteminin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın gündəmə gətirdiyi mövzular uçuş təhlükəsizliyi, rəqəmsallaşma və innovasiyaların tətbiqi kimi strateji sahələrdə koordinasiyanın gücləndirilməsinə yönəlmişdir.
Mülki aviasiya qlobal nəqliyyat infrastrukturunun əsas sütunlarından biridir və hava hərəkətinin idarə olunması sistemi görünməyən, lakin kritik funksiyanı yerinə yetirir. Son illər dünya üzrə uçuşların həcminin artması, xüsusilə Asiya ilə Avropa arasında hava dəhlizlərinin intensivləşməsi bu sahədə daha güclü koordinasiya və rəqəmsal transformasiya tələb edir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının məlumatına görə, yalnız 2023-cü ildə qlobal sərnişindaşıma həcmi pandemiyadan əvvəlki səviyyənin 94 faizinədək yüksəlib. Belə bir şəraitdə tranzit marşrutların təhlükəsiz və fasiləsiz idarə olunması təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edir.
Azərbaycanın hava məkanının tranzit uçuşlar üçün açıq və yüksək buraxıcılıq qabiliyyətinə malik olması ölkəmizi regional qovşaq statusuna gətirib çıxarıb. Statistik məlumatlara görə, son illərdə Azərbaycanın hava məkanından istifadə edən tranzit uçuşların sayı 400 faizdən çox artıb və bu artım tendensiyası davam edir. 2024-cü ildə ölkə üzərindən keçən 230 min tranzit uçuş vasitəsilə 50 milyon sərnişin daşınıb ki, bu da Azərbaycanı təkcə region deyil, dünya aviasiya xəritəsində də strateji nöqtəyə çevirib. Dünyanın 200-dən çox aviaşirkətinin Azərbaycan hava məkanından istifadə etməsi isə bu üstünlüyün davamlı xarakter daşıdığını göstərir.
Qarabağ və Şərqi Zəngəzurun hava məkanının beynəlxalq uçuşlara açılması Azərbaycanın aviasiya tarixində mühüm mərhələdir. Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi, Laçın hava limanının tikintisi regionda müasir beynəlxalq standartlara cavab verən aeronaviqasiya infrastrukturunun formalaşmasını təmin edib. Bu, həm sərnişin daşımalarında, həm də qlobal tranzit marşrutlarının təhlükəsiz idarə edilməsində Azərbaycanın mövqeyini gücləndirir. Regionda yeni hava dəhlizlərinin açılması gələcəkdə logistika, yükdaşımalar və sərnişindaşımaların daha balanslı şəkildə yönləndirilməsinə imkan yaradacaq.
Qlobal tendensiyalara nəzər saldıqda görünür ki, 2040-cı ilə qədər aviasiya bazarında ən böyük artım Asiya və Yaxın Şərqdə müşahidə olunacaq. Çin, Hindistan, Cənub-Şərqi Asiya ölkələri və Türkiyənin sürətlə böyüyən bazarları Avropa ilə daha sıx hava əlaqələri tələb edəcək. Azərbaycanın Avrasiya qitəsinin mərkəzində yerləşməsi və hava məkanının geniş tranzit potensialı ölkəmizi bu prosesin ayrılmaz hissəsinə çevirir. Bu şəraitdə AZANS-ın beynəlxalq əməkdaşlıqlarda aktiv mövqeyi yalnız iqtisadi divident gətirmir, həm də regional sabitliyin qorunmasına, hava nəqliyyatında təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Almatıda keçirilən sammitdə Azərbaycanın iştirakı göstərdi ki, ölkəmiz təkcə hava məkanını idarə edən tərəf deyil, həm də qlobal aviasiya siyasətinin formalaşmasında fəal iştirakçıdır. Rəqəmsallaşma, smart həllərin tətbiqi və vahid strategiyaların işlənib hazırlanması istiqamətində atılan addımlar Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da innovativ liderlik iddiasını ortaya qoyur. Qlobal təcrübə göstərir ki, müasir aviasiya yalnız təhlükəsiz və çevik idarəetməyə deyil, həm də texnoloji sinxronizasiya və institusional əməkdaşlığa söykənir. Bu kontekstdə Azərbaycanın rolu strateji dəyər kəsb edir.
Nuray,
Aznews.az