“Sərkisyan, müasir Ermənistan tarixinin artıq bağlanmış səhifəsidir. Onun hansı çağırış etməsi önəm daşımır; onu danışdıran Rusiyadır, çünki Paşinyanı Rusiya istədiyi kimi idarə edə bilmir. Sərkisyan və ondan əvvəlki Köçəryan Moskvanın əlquzusu idilər, istədiyi kimi hərəkət edirdilər. Paşinyan isə artıq Moskvanın təsiri altında deyil və xüsusən son dövrlərdə Azərbaycan və Türkiyə ilə münasibətləri gücləndirməyə üstünlük verir. Bu isə həm Moskvanı, həm də Ermənistandakı revanşistləri narahat edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan bildirib ki, “Ermənistanda hakimiyyət dəyişikliyi həmişə gündəmdə olub və bu gün də aktualdır.” O, hakimiyyət dəyişikliklərinin ən düzgün yolunun baş nazir Nikol Paşinyana etimadsızlıq bəyan edərək impiçment yolu ilə həyata keçirilməsi olduğunu vurğulayıb. Sərkisyan həmçinin digər metodlara toxunaraq, Nepal və Fransadakı nümunələrdən danışıb və parlamentin bu prosesi qanuni şəkildə idarə edə biləcəyini qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, bütün bunlara baxmayaraq, Sərkisyanın səsləndirdiyi fikirlər Paşinyana heç bir təsir göstərməyəcək.
“Onun başının üzərində təhlükə yoxdur. Paşinyan xalqın böyük dəstəyini qazanıb və 2026-cı ilin iyununda keçiriləcək seçkilərdə qələbəsi ehtimal olunur. Bu isə Ermənistanda revanşizmə imkan verməyəcək və dövlətin normal məcraya yönəlməsinə şərait yaradacaq. Erməni xalqı artıq müharibələrdən yorulub və qonşularla normal münasibətlər istəyir. Moskva və Paris heç vaxt onlara real yardım verə bilməyib və bundan sonra da verməyəcək. Bu reallıq Ermənistanda hər kəs tərəfindən başa düşülür və Sərkisyanın mənasız çağırışları heç kim tərəfindən ciddi qəbul olunmur”.
Rəfiqə Namazəliyeva,
AzNews.az