Emin Əmrullayev cəmiyyəti konsensusa çağırır. Bəs, konsensusa nə mane olur?

12 Sentyabr 2025 14:04 (UTC+04:00)

Bu gün Elm və Təhsil Nazirliyinin yeni tədris ili ilə bağlı təşkil etdiyi konfransa qatılmışdım.

Konfransda təhsil sektorunun demək olar ki, bütün aparıcı fiqurları, rektorlar, Bakıdan və regionlardan məktəb direktorları, millət vəkilləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdi.

Bütün tədbirlərdə olduğu kimi, bir neçə növbətçi çıxış oldu. Məktəb direktorları danışmaq xatirinə danışdılar, zərərsiz formatda bəzi təkliflər verdilər. Amma bunun qarşılığında Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin istedadlı uşaqları rəsmi tədbirdə öz mahnı və rəqsləri ilə xoş ovqat yaratdılar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov yığcam bir təqdimatla yeni tədris ilində görüləcək işlərdən danışdı. Bir növ icra planını açıqladı. Maraqlı idi, amma auditoriyadakı tənqidçi vətəndaş cəmiyyəti nümayəndələrinin əsas narahatlıqlarını aradan qaldıracaq izahat deyildi.

Təhsil İnstitutunun direktor əvəzi, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyevə isə son dərəcə dolğun təqdimata və ətraflı şərhə görə xüsusi təşəkkür etmək istəyirəm. Bu təqdimatla Elnur Əliyev bir daha təsdiq etdi ki, Elm və Təhsil Nazirliyində Nicat Məmmədli, Səbuhi Rzayev kimi intellektual kadrlar kimi, o da əsl meritokratdır, yaxşı təcrübəyə, müasir dünyagörüşə, böyük məsuliyyət hissinə malikdir.

Elnur Əliyev öz çıxışında təhsil sektorundakı real mənzərəni obyektiv bir şəkildə, şişirdilmiş rəqəmlərlə yox, heç nəyin üstünü örtmədən gözlər önünə sərdi. Mən həmişə bu fikirdə olmuşam ki, bir problemi həll etməyin yolu onun etirafından başlayır. Təhsil İnstitutunun direktor əvəzinin çıxışı göstərdi ki, ETN sektordakı bütün problemləri görür və həlli üzərində düşünür. Bu baxımdan nazir Emin Əmrullayevin öz nitqində bir neçə dəfə müşavirinin çıxışına istinad etməsi heç də təəccüblü olmadı.

Emin Əmrullayevin çıxışını son dərəcə diqqətlə dinlədim, danışdıqca onunla empatiya qurmağa, necə deyərlər, beynini oxumağa çalışdım. Gəldiyim qənaətə görə, o, təhsilin bütün obyektiv və subyektiv səbəblərdən qaynaqlanan problemlərinin mövcudluğunu vətəndaş cəmiyyəti ilə konstruktiv müzakirə etməyə hazırdır, daha yaxşı bir təhsil ekosisteminə keçid üçün bir növ toplumun səfərbər olunmasına çalışır. Digər tərəfdən, o, məsələyə bəlli strategiya ilə, təkamül xətti tutaraq yanaşır. Bunlar, əlbəttə, təqdir olunmalıdır. Ən əsası, nazirin çıxışından bəlli oldu ki, ictimai intellektuallarla onun düşüncə tərzi, məntiqi düsturları, terminologiyası arasında elə kəskin fərq yoxdur. Bu da təhsildə islahatlar üçün vacib amillərdən biridir. Üstəlik, nazir bəzi yeni kadrlar kimi, terminlərin arxasında gizlənməyi yox, onlardan problemlərin həlli üçün açar söz kimi istifadə etməyə meyillidirsə.

Düşünürəm ki, Emin Əmrullayevin çıxışı təhsil siyasətinin uzunmüddətli hədəflərini və prioritet istiqamətlərinin izahı baxımından son dərəcə faydalı oldu. Nazir dövlətin təhsil sahəsində “strateji məntiqini”, nəticəyönümlülük, sistemlilik və ardıcıllıq prinsiplərini auditoriyaya aydın çatdırdı. Hərçənd auditoriyanın xeyli hissəsinin onu başa düşdüyünü çox da güman etmirəm. Düzdür, o, dinləyicilərin məntiqinə və analitik düşüncəsinə müraciət edir, daha çox bir düşüncə üslubu yaratmağa çalışırdı, lakin hər kəsdən dövlətin uzunmüddətli maraqlarını fərdi çıxarlarından üstün tutmasını gözləmək tərəfimdən bir az sadəlövhlük olardı. Fəqət Emin Əmrullayevin çıxışında bir məqam vardı ki, həm onunla razı olmamaq mümkün deyil, həm də məsələlərə fərqli baxış bucaqlarımız da elə bu məqamdan qaynaqlanır.

Bəli, Azərbaycanın pis-yaxşı bir təhsil sistemi var. Bu təhsil sistemi inkişaf etməli, kafidən mükəmmələ yol keçməlidir. Nazirin o fikri ilə də birmənalı razıyam ki, biz kafidən yaxşıya qədər keçəcəyimiz mərhələdə yaxşıdan mükəmmələ keçid mərhələsinin texnologiyalarını tətbiq edə, alətlərini sınaya bilmərik. Bu, rasional yanaşmadır. Amma mövcud təhsil sisteminin içində elə bir güclü neqativ tendensiya da yoxdur ki, bütövlükdə ölkənin intellektual potensialını geriyə atsın. Məzmun problemi, alət problemi, qiymətləndirmə problemi, kadr problemi – bəli, hamısı var, amma nəzarət altına alına biləcək, həll olunacaq, bu gün də olmasa, sabah müsbət nəticəsini görəcəyimiz məsələlərdir. Ölkənin ən ciddi, milli təhlükəsizliyimizə təhdid yaradan əsas problemi odur ki, ETN-nin rəsmi təhsil proqramına alternativ bir də DİM-in “özəl” proqramı var. Məhz onun sayəsində Azərbaycan təhsili qara bazara yuvarlanıb və bu problem ortadan qalxmayınca, heç bir islahat effekt verməyəcək. Cəmiyyətdə təhsil sahəsində gedən islahatlara münasibətdə konsensusun formalaşmasına mane olan da elə repetitor bazarıdır.

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru