“Rusiya hər zaman Cənubi Qafqazda dominant güc mövqeyini qorumağa çalışıb. Lakin hazırda bu rolunu itirmək üzrədir. Buna görə Moskva hadisələrə qısqanclıqla yanaşır və müxtəlif alətlər vasitəsilə təzyiq göstərməyə çalışır. 8 avqustda Vaşinqtonda imzalanan ABŞ–Ermənistan–Azərbaycan birgə bəyannaməsi ABŞ-ın regionda təsir imkanlarının artdığını göstərir. Xüsusilə sənədin 4-cü maddəsi – TRİPP (Tramp marşrutu) ilə bağlı müddəalar Rusiya və İranda ciddi narazılıq doğurub. Həmin maddədə Ermənistanın bağlantı layihəsi çərçivəsində ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq edəcəyi qeyd olunur. Başqa sözlə, təkcə ABŞ deyil, digər tərəflərin də iştirakından bəhs edilir. Lakin bu tərəflərin kimliyi hələlik dəqiqləşməyib, danışıqlar davam edir. Milyardlarla dollar dəyərində olan layihədə ABŞ artıq əsas iştirakçılardan biridir. ABŞ Administrasiyası açıqlayıb ki, 42 km-lik yeni marşrutun yaradılması üçün Ermənistana ilkin mərhələdə 145 milyon dollar vəsait ayrılıb. Bu, Şərqlə-Qərb və Şimalla-Cənub arasındakı strateji dəhlizdə ABŞ təsirinin formalaşması deməkdir. Təbii ki, İran və Rusiya məhz bu səbəbdən narahatdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşinqton razılaşmasını şübhə altına alıb. O, sənədin Moskvanın 2020–2022-ci illərdəki üçtərəfli sazişlərinə əsaslandığını iddia edib və bütün məsələlərin razılaşdırılmadığını bildirib. Lavrovun sözlərinə görə, ilkin müsbət reaksiyalar sonradan skeptik yanaşmalarla əvəz olunub ki, bu da hələ bir sıra məqamların açıq qaldığını göstərir.
Siyasi şərhçi bildirib ki, layihədə təhlükəsizliyin təmin olunması ilə bağlı Moskva və Tehranın etirazları, eləcə də Ermənistan hakimiyyətinə göstərilən təzyiqlər nəticəsində ABŞ təhlükəsizlik şirkətinin iştirakı arxa plana keçib.
“Buna baxmayaraq, layihənin maliyyələşməsində və konsorsiumun əsas təşəbbüskarlarından biri kimi ABŞ həlledici rol oynayır. Rusiya XİN Vaşinqton bəyannaməsini 2020–2022-ci illərdə Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalarla eyniləşdirməyə çalışıb. Həqiqətən də, 2020-ci ilin üçtərəfli bəyanatının 9-cu maddəsi ilə Vaşinqton bəyannaməsinin 3-cü maddəsi arasında oxşarlıq var – hər iki sənəd Azərbaycana maneəsiz keçidin təmin olunmasını nəzərdə tutur. Lakin əsas fərq ondadır ki, Moskvanın vasitəçiliyi ilə əldə olunan sənədə əlavə edilən müddəaya əsasən, nəqliyyat dəhlizinin təhlükəsizliyi Rusiya FSB-nin nəzarətində olmalı idi. Vaşinqton bəyannaməsində isə bu, ümumiyyətlə nəzərdə tutulmur. Üstəlik, Rusiya öz imperiya xislətini əvvəlki sazişlərə də daxil etməyə çalışırdı – bunun izlərini həm ermənilərin geri qaytarılması, həm də Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı müddəalarda görmək mümkündür. Lakin Azərbaycanın 2023-cü ildə yaratdığı yeni geosiyasi reallıq artıq fərqli şərtlər diktə edir. Bakı öz haqlı mövqeyini və Zəfərinin legitimliyini qlobal miqyasda, o cümlədən ABŞ səviyyəsində qəbul etdirib. Bu reallıqda Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, Rusiya ya regionda baş verən prosesləri kənardan izləməyə məcbur olacaq, ya da bərabərhüquqlu əməkdaşlıq şərtlərini qəbul edərək yeni geosiyasi konfiqurasiyada yer almağa çalışacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az