“Gürcüstanın həm ABŞ, həm də Avropa Birliyi ilə münasibətləri kifayət qədər gərgin xarakter daşıyır. Avropa Birliyi Gürcüstandan quruma üzv olmaq üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir. Lakin həmin şərtlərin bəziləri Gürcüstanın dövlət maraqlarına uyğun gəlmir. Buna görə də hökumət müəyyən addımları atmaqdan imtina edir və nəticədə ABŞ-la münasibətlərdə gərginlik yaranır. Bununla yanaşı, Qərb kursunu dəstəkləyən ciddi qüvvələr də mövcuddur. Bu siyasi qruplar hakimiyyətin mövqeyinə qarşı sərt etiraz nümayiş etdirirlər və uzun müddətdir ölkədə iqtidar–müxalifət qarşıdurması davam edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Şəffaflıq haqqında” Qanunun xarici təsirlərin qarşısını almaq və ölkədə inqilab təhlükəsini önləmək üçün qəbul edildiyini bildirib. O, sənədin siyasi sabitliyin qorunmasına xidmət edəcəyini vurğulayıb.
Siyasi şərhçi bildirib ki, hazırkı hökumət problemi həll etmək üçün real variantlar tapmaqda çətinlik çəkir.
“Qəbul olunan sərt qanunların effektivliyi isə hələlik inandırıcı görünmür. Çünki ölkədə cəmiyyətin geniş təbəqələri Qərbə inteqrasiyanın tərəfdarıdır. Halbuki hökumət Avropa Birliyinin şərtləri çərçivəsində addımlar atmaqdan yayınmağa çalışır. Bu isə ölkədə xaos təhlükəsini gündəmə gətirir. Artıq Gürcüstana qarşı müəyyən iqtisadi təzyiqlərin tətbiq olunduğu müşahidə edilir. Eyni zamanda, Avropa Birliyinin maliyyə dəstəyinin azaldılması və ya dayandırılması barədə məlumatlar var. Bu isə dövlət büdcəsinə əlavə problemlər yaradır. Yaxın gələcəkdə ölkədə xaos ehtimalı kifayət qədər real görünür və hakimiyyətlə müxalifət arasında qarşıdurmanın davam edəcəyi qaçılmazdır. Bu iki qüvvədən hansının üstün gələcəyi Gürcüstanın gələcək taleyini müəyyən edəcək. Hökumətin inqilab təhlükəsinə qarşı qəbul etdiyi qanunların effektivliyi isə tezliklə aydınlaşacaq. Bununla belə, bu addımlar artıq bir qədər gecikmiş proses təsiri bağışlayır. Çünki təkcə sərt qanunlarla dövləti idarə etmək mümkün deyil. Dövlətlər həm də cəmiyyətin tələblərinə, siyasi baxışlarına və dünya görüşünə diqqət yetirməlidirlər. Gürcüstan isə hazırda müasir tarixinin mühüm keçid mərhələsini yaşayır və bu mərhələ ölkənin gələcək taleyini müəyyən edəcək”.
Rəfiqə Namazəliyeva,
AzNews.az